Müsavat Partiyasında yeni istefa dalğası başlayıb. Partiya qərargahının gözətçisi Zahir Beydullanın işdən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq 10 nəfər Binəqədi rayon təşkilatının üzvü Müsavatdan istefa verib.
Belə ki, Əlövsət Bayramov, Asif Hüseyinli, Səlim Bayramlı, Qabil Sadıqlı, Nizami Sadıqlı, Rafiq İlyasov, Elton Paşayev, Almurad Almuradlı, Mürvət Şahaniyev, Mustafa Cəlilli partiyadan istefa verdiklərini açıqlayıblar.
Məsələni dəqiqləşdirmək üçün Müsavat partiyasının gözətçisi olmuş Zahir Beydullayevlə əlaqə saxladıq. O bildirdi ki, partiyadan qanunsuz olaraq çıxarılıb: “İllərdir əmək haqqımı ala bilmirdim. 200 manat pul verirdilərsə, deyirdilər ki, 50 manatını sonra verəcəyik, hər ay vəziyyət bu formada davam edirdi, həmin pullar da verilmirdi. Bu hala etiraz olaraq partiya başqanına məktubla müraciət etdim. Bildirdim ki, maaşımı tələb edirəm. Arif Hacılıya dedim ki, maaşımın qalığını verəcəyinizlə bağlı məni arxayın etdiniz, buna görə də şəxsi borclarım yaranıb. Arif Hacılı isə cavabında qayıtdı ki, heç kəsə borcum yoxdur. Bu şikayətə görə bəhanə ilə məni Müsavatdan uzaqlaşdırmaq istəyirdilər”.
Zahir Beydullayevinn sözlərinə görə, onu Binəqədi rayon təşkilatının üzvlüyündən çıxarmaq üçün şura iclasında səsvermə keçirilib: “1992-ci ildə Binəqədi rayon təşkilatının yaranmasında xidmətlərim olub. Həmin vaxt ilk olaraq Binəqədi rayonunda partiyanın özəyi yarandı. Mən də özəyin sədriyəm. Məni xaric etmək istəyirdilər. Binəqədi rayon təşkilatının şura iclasında 10 nəfər buna qarşı çıxsa da, 2 nəfər Müsavatdan çıxarılmağımın lehinə səs verdi. Mənim yerimə götürülən həmin komendant və başqa bir nəfər şuranın qərarından Mərkəzi Nəzarət-Təftiş Komissiyasına şikayət verdi. Nəticədə 8 nəfər MNTK üzvü məni partiyadan uzaqlaşdırdılar. Onu da qeyd edim ki, mənim yerimə götürülən komendantın maaşını vaxtı-vaxtında verirlər”.
Zahir Beydullayev Müsavatın son qurultayında Qubad İbadoğlunu dəstəklədiyini bildirib: “Partiyanın apardığı siyasətlə bağlı tənqidi fikirlərimi səsləndirmişəm. Bu, partiya əleyhinə danışmaq demək deyil ki. Mən partiyamı sevirəm, onun atdığı səhv addımlarını da deməliyəm. Müzakirələrdə Qubad İbadoğlunun Müsavatdan çıxarılmasının əleyhinə danışmışam, mənə deyirdilər ki, sən burada işləyirsən, deyirdim, hərəkatdan gəlmiş adamam, bildiyim şeylər çoxdur”.
2011-ci ildən Müsavat qərargahının gözətçisi olan Z.Beydullayev deyib ki, 2013-cü ilin mart ayından sonra əmək haqqını qismən alıb: “İsa Qəmbərə bu barədə bildirəndən sonra məsələyə müdaxilə etdi və maaşımı aldım, Arif Hacılı partiya başqanı olandan maaşımı tam ala bilmirəm. Artıq 1 aydır ki, işsizəm. Arif Hacılını çoxdan tanıyıram, onun xisləti elədir ki, obyektivlikdən uzaqdır. Onun fikrinə zidd gedən kimi səninlə münasibəti pisləşdirir”.
O, Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü olduğunu da qeyd edib.
Nərgiz