Azərbaycanın Amerika Birləşmiş Ştatlarına sanksiya tətbiq etməsi bizim istəyimiz deyil.
Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu, Amerika Birləşmiş Ştatlarında bəzi dairələrin antiazərbaycan mövqeyinə Azərbaycanın məcburi reaksiyasıdır: “Biz Amerika ilə münasibətlərin gərginləşməsinin tərəfdarı deyilik. Amerika ilə Azərbaycan bir sıra sahələrdə əməkdaşlıq edir. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatlarında bəzi dairələr, bəzi vəzifəli insanlar var ki, Azərbaycanla Amerika münasibətlərinin pisləşməsi üçün əllərindən gələni edirlər. Hətta Azərbaycana, Azərbaycanın bəzi vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini hazırlayıb təqdim ediblər. Bilmirəm, ABŞ Konqresi bu layihəyə necə mövqe sərgiləyəcək, amma belə bir təşəbbüsün ortaya atılması faktdır. Təbiidir ki, Azərbaycan vətəndaşları, o cümlədən, Milli Məclis üzvləri bu antiazərbaycan mövqeyə qarşı öz fikirlərini səsləndirirlər. Bu fikirlərin müəyyən hissəsi də Amerika Birləşmiş Ştatlarına qarşı adekvat addımların atılmasını özündə ehtiva edir. Güman edirəm ki, Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı bəzi dairələr tərəfindən sərgilənən antiazərbaycan mövqeyi aradan qaldırılacaq. Ən azından biz bunu arzu edirik. Əgər belə bir təşəbbüs olmasa, antiazərbaycan mövqeyi açıq şəkildə özünü göstərməsə, güman edirəm ki, Azərbaycan tərəfindən də müvafiq addımların atılmasına ehtiyac qalmayacaq”.