5 Fevral 2016 11:10
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada baş verən qlobal maliyyə-iqtisadi böhranla əlaqədar Azərbaycanda bir sıra müxalifət partiya və qurumları toplanaraq müzakirələr aparır. Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası, Vətəndaş və İnkişaf Partiyası (VİP), Azərbaycan Demokrat Partiyası (ADP), "Ağ Blok" kimi təşkilatlar bu müzakirələrdə öz təkliflərini irəli sürürlər.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə bu toplantıları məsxərəyə qoyub. O, Milli Şuranın bu cür tədbirlərə qatılmayacağını vurğulayıb: "Milli Şuranın həqiqi dəyişiklik istəyindən daha çox, gündəmdə qalmaq məqsədi ilə təşkil olunmuş, eləcə də, səmimiyyətdən daha uzaq, siyasi nihilizm nümayiş etdirilən hər hansı belə toplantılara qatılmaq niyyəti yoxdur".

ADP sədri Sərdar Cəlaloğlu bu fikirlərinə görə Eldəniz Quliyevi ciddi tənqid edib. O, E. Quliyevi artist adlandırıb: "Onun vəzifəsi elə məsxərəyə qoymaq, tənqid etməkdir. Eldəniz bir artistdir, ondan nə gözləyirsiniz? Bəyəm, insan siyasətə gələndə öz sənətindən imtina edir? O, siyasətdə də artistliyini saxlayıb. O, nə üçün düşünür ki, biz gündəmdə qalmaq üçün cəhdlər edirik? Eldəniz Quliyevin bu birliyə daxil olan siyasətçilərdən hansı biri qədər dövlət və xalq qarşısında xidmətləri var? İkincisi, siyasətçinin məqsədi elə gündəmdə qalmaqdır. Bunun nəyi qəbahətdir? Əgər siyasətçi addım atırsa, təbii ki, bu, onun siyasi gündəminə daxildir. Eldəniz Quliyev öz qrup maraqlarından çıxış edərək addımlarımızı kölgəyə salmaq istəyir. Buna da onun ağlı çatmaz, çünki siyasətçi deyil, siyasi prosesləri təhlil etmək, nəticə çıxarmaq üçün onun heç bir potensialı yoxdur".

S.Cəlaloğlu daha sonra deyib ki, Eldəniz Quliyevin nihilizm ifadəsinin mənasını başa düşüb-düşmədiyini dəqiq bilmir: "Ona sual verin, aydınlaşdırın görün nihilizmin nə olduğunu bilirmi? Nihilizm müəyyən bir dövrün dəyərlərinin hamısından birmənalı imtina etmək deməkdir. Biz son 25 ildə hansı dəyərlərdən imtina etmişik? Bəlkə, demokratiyadan, insan haqlarından, xalqa məhəbbətdən, dövlətçilikdən imtina etmişik? Adam terminlərin mənasını bilmir, amma fikirləşir ki, xalqa aydın olmayan terminlər işlətməklə siyasətçi olacaq. Sən get nihilizm terminin mənasını öyrən, gör nə danışırsan".

ADP sədri bildirib ki, onunla E.Quliyev arasında heç vaxt konflikt olmayıb: "Əksinə, çalışmışam ki, onunla yaxşı münasibətdə olum. O da Əli Kərimlinin yanına gedəndən sonra mənimlə bağlı mövqelər bildirib, barəmdə ağzına gələni deyib. Əslində, bu, Əli Kərimlinin mövqeyidir. Yanındakılarından tələb edir ki, mövqeyini bildir. Eldəniz Quliyev də bu siyasətin qurbanı olaraq adına və yaşına uyğun olmayaraq barəmdə danışıb. Mən də məcbur olub cavab vermişəm ki, otur yerində, bəsdir, səni Əli Kərimli yanında təlxək kimi oynadır. Bunlar Milli Şura yaratdılar. Hamı da bilirdi ki, bu qurum Rusiyanın maraqlarına uyğun idi. O zaman Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun nümayəndəsi kimi çıxış edirdi. Biz də bu siyasəti tənqid edirdik. O da, bundan inciyir və bizi hədəfə alırdı. Sonradan Müsavat Partiyasının Milli Şuradan çıxması, bəzi şəxslərin istefa verməsi dediklərimizin doğru olduğunu ortaya qoydu. İndi də Eldəniz Quliyev bu prosesi aparır. Axı bizim toplaşıb müzakirə aparmağımızın sənə nə dəxli var!? Onlar istəyirlər ki, Azərbaycanda çaxnaşma olsun. Odur ki, çaxnaşma istəməyən qüvvələrin hərəkətlərinə dözümsüzlük nümayiş etdirirlər. Azərbaycan siyasi mühiti heç kəsin dədəsinin bostanı deyil ki, istədiyi adama söz atasan. Sənə nə dəxili var ki, mən nə işlə məşğulam, harada iclas keçirirəm? Sən kimsən axı? Ümumiyyətlə, biz sənin mövcudluğunla məşğuluq? Get, işinlə məşğul ol".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər