“Ağ Blok”un rəhbəri Tural Abbaslı ilə Arif Hacılının müavini Səxavət Soltan arasında qarşıdurma yaranıb. T.Abbaslının “Ağ Blok”u partiyaya çevirəcəkləri, bundan sonra Müsavat Partiyasının sıralarından istefa verəcəkləri barədə açıqlaması S.Soltanın xoşuna gəlməyib.
O, Tural Abbaslını siyasi cəhətdən intihar edən şəxslər siyahısında olduğunu deyib: “Siyasi fəaliyyət, partiya, blok ciddi anlayışlardır. Düşünmürəm ki, hər qeyri-ciddi söhbətə, yeni lətifəyə mütləq münasibət bildirmək lazımdır. Siyasi cəhətdən intihar edən şəxslər haqqında isə ümumiyyətlə, danışmaq doğru deyil”.
“Ağ Blok”un rəhbəri Tural Abbaslı isə Səxavət Soltana cavab vermək niyyətində olmadığını deyib, xatırladıb ki, vaxtilə bu şəxs onun müavini olub: “Mən Müsavat Partiyasında Arif Hacılıdan savayı digər şəxslərin danışdıqları fikirlərə reaksiya verməyəcəyimi demişəm. Ən yaxşı halda Gülağa Aslanlıya cavab verə bilərəm. Bunlardan savayı Müsavat rəhbərliyində təmsil edilən şəxslərə nə reaksiya vermək, nə opponent olmaq, nədə söz davası aparmaq niyyətindəyəm. Nə istəyirlər desinlər, onların fikirləri bizim üçün maraqlı deyil. Hər şeyi zaman göstərəcək”.
T.Abbaslı qeyd edib ki, onun fəaliyyəti Müsavatın əleyhinə qurulmayıb: “Ümumiyyətlə, mən onlarla maraqlanmıram. Özünə müxalifət deyən, bu düşərgədə təmsil olunan heç bir struktur bizim hədəfimiz deyil. Əgər kimsə bizimlə mübarizə aparmaq istəyirsə, bu, onların öz işidir. Bizim hədəfimiz onlar deyil və belə niyyətimiz də yoxdur. Amma görürsünüz ki, onlar bizi hədəfə alır. Bu da, onların işidir. Görünür, hakimiyyətlə mübarizə aparmaq onlar üçün çətindir. Odur ki, son 20 ildə olduğu kimi mübarizəni müxalifət düşərgəsinə çəkmək istəyirlər. Məhz bunun nəticəsidir ki, hazırda onlar 200-300 nəfərlik mitinq təşkil etməyə çətinlik çəkirlər”.
Müsavat rəhbərliyi ilə münasibətləri barədə danışan T.Abbaslı bildirib ki, onun özü şəxsi məsələləri siyasi münasibətlərə qatmır: “Mənim Müsavatın rəhbərliyində olan şəxslərlə siyasi münasibətlərim sıfıra bərabərdir. İndən belə də bu cür olacaq. Onlar bizim barədə nə qədər istəyirlər danışsınlar”.
“Ağ Blok”un rəhbəri daha sonra deyib ki, Müsavat rəhbərliyi xoşu gəlməyən gəncləri partiyadan qovmaqda davam edir. Onun sözlərinə görə, partiyanın Binəqədi rayon təşkilatı Şamil Beydullayevi hansısa bəhanə ilə partiyadan xaric edib: “Yəqin ki, Şamil Beydullayev bu haqda danışacaq. Bu şəxs həm də ”Ağ Blok"da təmsil olunur. Onsuz da blok partiyaya çevriləndən sonra Şamil Müsavatdan istefa verəcəkdi. Bu fakt bir daha indiki partiya rəhbərliyinin siyasi xəttinin, demokratiyaya yanaşmanın göstəricisidir. Mən Müsavat rəhbərliyi haqqında fikrimi demişəm. Əgər bu gün Rəsulzadə sağ olsaydı və Arif Hacılının əleyhinə bir söz desəydi, inanın ki, Rəsulzadəni partiyadan qovardılar".
Cavidan