18 Fevral 2016 10:19
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Əliyev: “Özləri vaxtı ilə onun-bunun qunadığı olublar, amma indi başqaları haqqında ittiham irəli sürürlər”

Müxalifətin “Böhran koalisiyasının” toplantısı keçirilib. Bu barədə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib. Partiya sədri deyib ki, toplantıda bu quruma daxil olan partiyaların mütləq əksəriyyəti iştirak edib: “Əsasən iki məsələ ətrafında müzakirələr aparılıb. Ölkədəki ictimai-siyasi vəziyyət və fevralın 21-də keçiriləcək tədbir barədə müzakirə aparılıb. Bu tədbirin texniki, ideoloji tərəfləri diqqətə alınıb”.

Əli Əliyev bildirib ki, 21 fevral tədbiri ilə bağlı son hazırlıqları müzakirə ediblər: “Demək olar ki, tədbirin bütün tərəfləri, ən kiçik detalları belə müzakirəyə məruz qaldı. Hər kəs öz mövqeyini açıqladı. Eləcədə tədbirin yekunu üzrə qəbul ediləcək sənədlərin mətnləri və istiqamətləri diqqətdən keçirildi. Toplantıya dəvətlilər, onlarla təmas və əlaqələndimə ilə bağlı tapşırıq verilib. Toplantının texniki tərəfləri, səhnənin tərtibatı, çıxışçılar, çəkiliş və mətbuatda işıqlandırılması məsələləri də, müzakirə edildi. Biz qərara gəlmişik ki, tədbirə təxminən 500 nəfər gələcək. Bu rəqəm siyasi partiyaların sayı və onların üzvlərinin tədbirə gəlmək istəklərinə əsaslanaraq deyirik. Ancaq zalın 500 nəfər qəbul etmək imkanı yoxdur. Bura 200-300 nəfərlik yerlər var. Laki ayaq üstə dayanmaqla bu prosesdə 500 nəfər iştirak edə bilər. Qeyd edim ki, bizim son tədbirimizdən sonra koalisiya daxilində mövqelərin uzlaşdırılmasına nail olunub, bu koalisiyanın konturları ətrafında anlam əldə edilib. Baxın görəl növbəti dönəmdə necə olacaq. İndilikdə sayın artırılması daha çox bununla əlaqədardır. Ancaq biz güman edirik ki, növbəti mərhələdə güclənmə prosesi müşahidə olunmalıdır”.

Əli Əliyev müxalifətin tədbirlərini boykot edən, dəvət olunduqları yerlərə gəlməyən və özlərindən savayı hər kəsə satqın damğası vuran ənənəvi partiyalarla bağlı mövqeni də açıqlayıb: “Mənim yanaşmama görə, hazırda müxalifət düşərgəsində təmərgüzləşmə prosesi gedir. Artıq üç konfiqurasiya müxtəlif imkanlarla formalaşır. Bunlardan biri AXCP və ətrafında olan ictimai fəalların Milli Şura adı altında fəaliyyət göstərməsidir. Son günlər Müsavat Partiyası və İsa Qəmbərin yaratdığı təşkilatın ətrafında canlanma müşahidə edilir. Isa Qəmbər çalışır ki, güc mərkəzi halına gələ bilsin. Onun son addımları bunu göstərir. Lakin bu addımların nə ilə nəticələnəcəyini zaman göstərəcək. Üçüncü güc mərkəzi böhran koalisiyasıdır ki, burada müxtəlif partiyalar birləşib və mövqelər üst-üstə düşür. Burada toplaşanlar ölkədə xaotik yolu arzu etmirlər. Kimin nə deməsindən asılı olmayaraq hər kəsin öz siyasi bioqrafiyası var. Mən bilmirəm kim kimin haqqında nə deyir. Konkret bizim partiya barədə kim nə deyirsə onun cavabını verməyə hazıram. Ən pisi odur ki, özləri vaxtı ilə onun-bunun qunadığında olublar, amma indi başqaları haqqında ittiham irəli sürürlər. Bu yaramır. Odur ki, dünənki hadisələri qazmaq, oldu-olmadı böhtanlar atmaq müxalifəti daha çox parçalayır. Biz bu mövqeni bölüşmürük”.

Əli Əliyev deyib ki, AXCP, Milli Şura və Müsavat 21 fevral tədbirinə dəvət edilməyəcək: “Bu onların tədbiri deyil, bu daha çox böhran koalisiyasında birləşən partiyaların və quruluşların tədbiridir. Onlar bu tədbirə dəvət almayıblar”.

Cavidan


Müəllif: