23 Fevral 2016 12:45
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının gündəliyinə 6 məsələ daxil edilib.

Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov bildirib ki, “Elm haqqında” qanun layihəsi gündəliyə salınsa da, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanununa dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarıldığı üçün birinci layihə növbəti iclaslarda müzakirə ediləcək. Spiker cari məsələlərin müzakirəsini təxirə salmağı və büdcə haqqında layihyəni müzakirə etməyi təklif edib. Daha sonra “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanununa dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsinin təsiri Azərbaycan iqtisadiyyatından da yan keçməyib: “Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən "2016-cı ilin dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə sənəddir. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxmağa məcbur etdi. Azərbaycan hökuməti qlobal iqtisadi böhranla əlaqədar səmərəli iş aparıb. Bizim komitədə qanun layihəsi hökumət strukturlarının iştirakı ilə geniş müzakirə olundu, yeni situasiyada iqtisadi sahələrin və hədəflərin müəyyənləşməsi, büdcə vəsaitindən daha səmərəli istifadə edilməsi barədə müsbət təkliflər səsləndi. Büdcənin hədəfləri barədə maliyyə naziri ətraflı məlumat verəcək. Mən onu deyə bilərəm ki, büdcənin gəlirlərinin artırılması nəzərdə tutulub. Büdcə gəlirləri əsasən 3 mənbə vasitəsilə formalaşır. Son 15 ildə büdcə gəlirlərinin formalaşmasında heç bir uyğunsuzluq, yəni proqnozların özünü doğrultmaması baş verməmişdi. Dövlət başçısının tapşırığı ilə Vergilər Nazirliyində və Gömrük Komitəsində sahibkarlarla görüşlər keçirilib, bu istiqamətdə yeniliklər olub. Dövlət büdcəsində sosial xərclərin artırılması dinamikası müşahidə olunur. Manatın devalvasiyasından sonra cənab prezident bir neçə əhəmiyyətli sənəd imzaladı və bu da insanlara dəyən ziyanın aradan qaldırılmasına kömək oldu. Bu isə büdcəyə 600 milyon manata başa gəldi. Aqrar sektorda yeni bir mərhələ başlayır, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün önəmli tədbirlər həyata keçirilir”.

Komitə sədri deyib ki, büdcənin xərcləri artıb. Onun sözlərinə görə, buna səbəb sosial xərclərin artmasıdır: “Gələcəkdə əsaslı xərclərin artırılması genişlənəcək. Biz borc almırıq. Ölkənin iqtisadi siyasətini xarakterizə edən keyfiyyətlərdən biri də odur ki, müdafiə olunan xərclər dinamikasında mənfilik yoxdur. Elm, mədəniyyət sahəsinə xərclər artırılır. Bu qlobal böhran şəraitində baş verir. Cənab Prezident də qeyd edir ki, bu vəsaitlər səmərəli istifadə olunmalıdır. Quba, Xaçmaz regionu SSRİ zamanı böyük potensiala malik idi. Lakin bu gün biz bu potensialı görmürük. İndi hər regionda tədbirlər keçirilir. Güclü xammal resursları, əmək potensialı olan yerlər seçilir. Azərbaycanın kifayət qədər potensialı var ki, 2016-cı il gəlirlərinə əsasən büdcəmizi daha da artıraq".

Büdcə kəsiri haqda danışan komitə sədri söyləyib ki, Azərbaycan yeganə ölkələrdəndir ki, büdcə kəsiri 2,9 % təşkil edir: "Biz xarici borca germədik, daxili borclanmaya gertmədik. Büdcə bu göstərici baxımından da optimal qiymətləndirilməlidir. Azərbaycanın xarici borcu kifayət qədər optimaldır. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi şəraitində çətinliklər yaşadıq.

Büdcəyə dəyişikliklər reallıqdan irəli gəlir. Əminəm ki, bu gün qəbul ediləcək dövlət büdcəsi Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə səbəb olacaq”.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, layihə prezident tərəfindən Milli Məclisə təqdim edilib: "Layihə plenar iclasından əvvəl komitədə ətraflı müzakirə olunub. 2016-cı il dövlət büdcəsinə və icmal büdcəyə dəyişikliklər edilməsi bəzi zərurətdən irəli gəlir. Birinci, əsas ixrac məhsulu olan xam neftin dünya bazarında son 18 ayda 4 dəfədən çox ucuzlaşmasıdır. Əvvəl büdcədə neftin 1 barreli 50 ABŞ dolları götürülmüşdü. İkinci, 2015-ci ilin dekabrında manatın ucuzlaşması, üzən məzənnəyə keçidlə bağlı Mərkəzi Bankın qərarı büdcə dəyişikliyi üçün zərurət yaradıb. Odur ki, bütün bunlar büdcənin yenidən nəzərdən keçirilməsi, yeni gəlir mənbələrinin tapılmasını vacib etmişdi. Azərbaycan prezidenti bununla bağlı müvafiq tapşırıqlar verib. Fevralın 1-dən təqaüdlər, sosial ünvanlı yardım, məcburi köçkünlər üçün aylıq təqaüdlər, bir sıra büdcə təşkilatlarında çalışanların əmək haqlarının qaldırılması barədə qərar verilmişdi”.

Nazir deyib ki, 2016-cı il üçün icmal büdcənin gəlirləri 15738,6 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən, bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi və bunun nəticəsində, Dövlət Neft Fondunun gəlirlərinin 3230,3 milyon manat azalması hesabınadır.

Samir Şərifov 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb. Vurğulayıb ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş variantı ilə müqayisədə 2256 milyon manat çoxdur. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri isə 7597 milyon manat nəzərdə tutulur. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz çoxdur. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7010 milyon manat daxilolma nəzərdə tutulur. Bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408 milyon manat və ya 6,2 faiz çox, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə isə 108,3 milyon manat və ya 1,5 faiz azdır.

Hazirda müzakirələr davam edir.

Nemət


Müəllif: