25 Fevral 2016 10:32
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Azərbaycan Demokrat Liberal Partiyasının ofisində müxalifətin İşçi qrupunun növbəti toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda İşçi qrupuna daxil olan siyasi partiya sədrləri və ictimai qurumların rəhbərləri iştirak edib. Əsas müzakirə olaraq fevralın 21-də Böhran koalisiyası tərəfindən keçirilən tədbir müzakirə edilib. Böhran koalisiyasını yaradan İşçi Qrupu bu tədbirin yüksək səviyyədə təşkil edildiyini, tədbirə çoxlu sayda insanların qatıldığını vurğulayıb və qoyulan məqsədə nail olunduğu qeyd edilib. Həmçinin gələcəkdə də belə tədbirlərin keçirilməsinin gündəmdə olduğu bildirilib. İşçi qrupunun üzvlərinin hər biri toplantının yüksək fəallıqla keçdiyini qeyd edərək bundan razılığını ifadə edib.

Daha sonra İşçi qrupu konkret məsələlərin müzakirəsinə start verib və bir sıra istiqamətlərdə qərarlar qəbul edib. İşçi qrupu Xocalı soyqrımının 24 illik tarixini birgə qeyd etmək barədə razılığa gəlib. Bildirilib ki, soyqrım günü İşçi qrupuna daxil olan partiya və hərəkatlar birlikdə soyqrım abidəsini ziyarət edəcək. Daha sonra qurum soyqrım haqqında qanunun qəbul edilməsinə dair təşəbbüsdə bulunub. Hesab edilib ki, belə bir qanun layihəsinin hazırlanması əhəmiyyətli olardı.

İşçi qrupu kütləvi etiraz aksiyalarının keçirilməsi haqqında da müzakirələr aparıb, bir sıra fikir ayrılıqları uzlaşdırılıb. Məlumata görə, müzakirələrin sonunda mitinqə hazırlıq üzrə təşkilat komitəsinin yaradılması qərara alınıb. İşçi qrupunun üzvləri eyni zamanda mitinqə hazırlıq üzrə təşkilat komitəsinin üzvü hesab olunub. Lakin mitinqin konkret nə zaman keçiriləcəyi barədə hər hansı qərar verilməyib. Sadəcə olaraq belə bir struktur formalaşdırılıb.

İşçi qrupunun toplantısında referenduma təşəbbüs qrupunun yaradılması barədə də ümumi razılıq əldə edilib. Qeyd edilib ki, referendumun keçirilməsi üçün imzaların toplanmasına təşəbbüs qrupu yaradılsın. Lakin bu qurumun üzvlərinin kimdən ibarət olması barədə məlumat verilməyib.

Toplantıda qarşıdan gələn dövrdə atılacaq addımlar istiqamətində də ümumi fikir müzakirəsi də keçirilib. İşçi qrupunun üzvü Tural Abbaslı qeyd edib ki, toplantıda yeni üzvlər məsələsi müzakirə edilməyib: “Bizdə açıq qapı siyasətidir. Lakin 21 fevral tədbirindən sonra bizə hər hansı bir müraciət edən təşkilat olmayıb. Ancaq ayrı-ayrı şəxslərlə danışıqlar aparılır. Adlar olmasa da, ictimaiyyət tərəfindən tanınan siyasətçilərlə, ictimai xadimlərlə bu və digər formada danışıqlar aparılır ki, bu prosesdə iştirak etsinlər”.

Abbaslı deyib ki, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər işçi qrupunda təmsil olunmur: “Ancaq tədbirlərimizə qonaq qismində gələrək çıxış edir, özünün mövqeyini ortaya qoyur. Ola bilsin ki, gələcəkdə İşçi qrupuna qatılsın. Ərəstun Oruclu da tədbirə qonaq qismində gəlib. Lakin İşçi qrupunda təmsil olunmur”.

Qeyd edək ki, dünən “Azadlıq” siyasi partiyaların əməkdaşlıq mərkəzinin də toplantısı olub. Toplantıda ictimai-siyasi durum müzakirə edilib. Həmçinin mərkəz 21 fevralda keçirilən toplantıda iştirakını müdafiə edib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər