Qüdrət Həsənquliyev: “Ermənistana keçmək istəyən şəxslərə qarşı ciddi cəza tədbirləri görülməlidir”
“Azərbaycanın xüsusi xidmət orqanları Ermənistana keçmək istəyən 25 nəfər Qəbələ sakini barədə ciddi araşdırma aparıb, müvafiq addımlar atmalıdır”. Bunu Milli Məclisdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, istənilən halda Ermənistana keçmək istəyən şəxslərə qarşı ciddi cəza tədbirləri görülməlidir. Onun sözlərinə görə, bu cür hallar cinayət əməli sayılır və bununla bağlı Azərbaycanın “Dövlət sirri haqqında” qanununda cəza nəzərdə tutulur:
“Çox təəssüf edirəm ki, nədənsə Azərbaycan mediası və mənim deputat həmkarlarım da bu məsələni gündəmə gətirməyiblər. Ötən ay Qəbələ sakinlərinin yerli icra nümayəndələrindən şikayətlənərək, işğalçı Ermənistana keçməyə cəhdinə heç bir halda haqq qazandırmaq olmaz. Bu adamlar deyir ki, onları bu addımı atmağa məcbur ediblər. Bəs sizin milli qürurunuz harda qalıb? Təsəvvür edin ki, öz arvad-uşaqlarını da götürüb aparıb düşmənə təhvil verirsən ki, övladıma bir il iş verilib və sairə. Bunun üçün Appelasiya və Ali Məhkəmər, Prezident Administrasiyası və müvafiq şöbələri vardır. Əgər bu adamlar Ermənistana getmək əvəzinə, bu qurumlara müraciət etsəydilər, o zaman onların şikayətləri də araşdırılardı. O zaman belə çıxır ki, bundan sonra kim hüququ pozulduğunu düşünsə, hüquqi yolları kənara atıb işğalçı Ermənistana keçməyə cəhd edəcək? Ona görə də bu adamlara qarşı ciddi araşdırma aparılıb gübahkarlar cəzalandırılmalıdır. İstənilən demokratik dövlətlərdə və cəmiyyətdə tarix boyu milli satqınlar olub. Çox təəssüf ki, Azərbaycanda da bu cür satqınlar mövcuddur və onlar öz cəzalarını almalıdır. Təbii ki, onların arasında azyaşlı uşaqlar varsa, onlar haqqında məsələ nəzərə alınmalıdır. Ancaq bu adamların Ermənistana getməsinə səbəb olan və bunu təşkil edənlər mütləq cəzalandırılmalıdır, dövlətə xəyanət maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Əgər Qəbələ sakinləri ilə bağlı həqiqətən də ədalətsiz qərarlar qəbul olunubsa, o zaman bunu edən adamlar da aşakr edilib cəzalandırılmalıdır. Düşünürdüm ki, bizim millət vəkilləri də bu prosesə qoşulacaq. Doğrudur, bizim bəzi millət vəkilləri bu addımı pislədilər. Ancaq bu məsələyə hər bizrimiz öz etirazımızı bildirməliyik”.
Spiker Oqtay Əsədov isə Q.Həsənquliyevin çıxışına münasibət bildirib: “Sizin dediyiniz bu məsələ ilə bağlı yəqin ki, Azərbaycanın hüquq mühafizə orqanları məşğul olacaqlar”.
Xatırladaq ki, Qəbələnin Kötüklü kənd sakinləri fevralın 27-nə keçən gecə Ağdama gələrək, Ermənistan tərəfə keçməyə cəhd ediblər.
Nemət