9 Mart 2016 19:12
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin (AB) 28 ölkəsinin liderləri və Türkiyənin baş naziri Əhməd Davudoğlu miqrasiya ilə bağlı sazişin 6 prinsipinə dair razılığa gəliblər. Əldə olunmuş razılaşma Avropa Birliyinə Yaxın və Orta Şərqdən “Balkan marşrutu” ilə qanunsuz miqrasiyaya son qoyacaq və ittifaq daxilində Şengen sazişinin fəaliyyətini bərpa etməyə imkan yaradacaq. Beynəlxalq təşkilatlar razılaşmanı sərt tənqid edib, insan haqlarının, beynəlxalq qanunların kobud şəkildə pozulduğunu bəyan ediblər. Siyasi ekspertlər isə düşünürlər ki, Avropa Birliyi Türkiyəni çox ağır məsuliyyətin altında qoyub. Razılaşmanın Türkiyənin dövlət maraqlarına zidd olduğu bildirilir.


"Şərq-Qərb" Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu Teleqraf.com-a açıqlamasında AB ilə Türkiyə arasındakı anlaşmanı şərh edib.

- Ərəstun bəy, AB ilə Türkiyə arasında miqrant axını ilə bağlı razılıq hansı zərurətdən irəli gəldi?
- Suriya vətəndaşlarının Avropaya axını Qərbdə ciddi qaçqın böhranı yaratmaqdadır. Avropada daim miqrant problemi olub. Amma indi bu məsələ daha aktualdır. Çünki Suriya və digər ərəb ölkələrində baş verənlər Avropaya miqrant axınını gücləndirib. Hazırda Avropa ölkələrinə qaçqın axını davam etməkdədir. Türkiyədəki miqrantların müəyyən hissəsi də daha yaxşı yaşamaq üçün Qərbə üz tuturlar. Amma unutmayaq ki, 2 milyona yaxın qaçqının Türkiyədə yerləşdirilməsində Avropanın müəyyən rolu olub. Dəstək bu gün də davam edir. Sadəcə olaraq, qaçqın problemi Avropada daha da ciddiləşib. Avropa ölkələrinə sərf edir ki, böyük məbləğdə vəsait ayırmaqla qaçqınların Türkiyədə yaşamasını təmin etsin. Qaçqın probleminin bu şəkildə həlli daha sərfəli görünür. Bu, Türkiyənin də maraqlarına uyğundur. Çünki müəyyən müddət keçəndən sonra qaçqınların bir qismi Suriyaya qayıdacaq. Qaçqınlar həmçinin ucuz işçi qüvvəsidir. Türkiyə onların imkanlarından maksimum yararlanmağa çalışacaq. Avropa Birliyinin 28 ölkəsinin liderləri və Türkiyənin baş naziri Əhməd Davudoğlu miqrasiya ilə bağlı sazişin 6 prinsipi üzrə razılığa gəliblər. Razılığa əsasən, həm Avropaya miqrant axını dayandırılacaq, həm də Avropadakı miqrantların bir qismi Türkiyəyə göndəriləcək. Üstəlik Ankaraya vəd olunmuş məbləğin müəyyən qismi - 3 milyard avro ilkin olaraq veriləcək.

- Türkiyədə sığınacaq almış Suriya vətəndaşlarından birinin adı Ankaradakı dəhşətli terror aktında hallanırdı. Bu mənada Suriya qaçqınlarının daha çox Türkiyədə yerləşdirilməsi bu ölkənin təhlükəsizliyi üçün problem yaratmayacaq ki?
- Terror aktı törətmək istəyənin konkret məqsədi və hədəfi olur. Bunu miqrasiya problemi ilə əlaqələndirmək doğru olmazdı. Terrorçu məqsədinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bu məsələdə Türkiyənin təhlükəsizliyinə hər hansı təhdidin olduğunu düşünmürəm. Türkiyə İraq və Suriya ilə qonşudur. Daxildə terrorçu qruplaşmalar, radikal etniklər var. Bunların hamısı terror sifarişçiləri ola bilərlər. Qaçqın axını Avropada başqa bir problem yaradır. Avropa dəyərlərinə sahiblənmək, inteqrasiya qaçqınlar üçün bəzən çətin olur. Miqrasiya axını Avropada svilizasiyaların toqquşması problemi yaradır ki, bu da radikal addımların atılmasına səbəb olur. Burada terror xofu yoxdur.

- Yaxın illərdə Türkiyə qaçqın problemindən xilas oluna biləcəkmi?
- Düşünmürəm. Nə qədər ki, Suriyada hərbi münaqişə, vətəndaş müharibəsi davam edir, ölkədə sabitlik olmayıb, Bəşər Əsəd hakimiyyətdədir, problemlər həll edilməmiş qalacaq. Hətta Əsəd getsə də belə Suriyada dağılmış şəhərlərin bərpası, infrastrukturun yaradılması uzun vaxt aparacaq. Suriyada əmin-amanlığı yaratmaq üçün böyük vaxta və pula ehtiyac var. Deməli, hələ uzun müddət Türkiyə qaçqın problemindən azad olmayacaq.

- Suriyada atəşkəslə bağlı razılaşma əldə olunsa da, Əsədin taleyinə aydınlıq gətirilmədi. Sizcə, Suriyanın hazırkı prezidenti hakimiyyətini davam etdirəcəkmi?
- Əsədin taleyi həll edilməyib. Onunla bağlı qərar yoxdur. Hər şey danışıqlardan asılıdır. Müzakirələrin hansı notlar üzərində davam etdiriləcəyi çox vacibdir. Hələlik görünən odur ki, bir çoxları Suriyada Əsədin alternativinin olmadığını düşünür. Bu mənada hazırda Suriya ilə bağlı dəqiq proqnoz vermək olmur. Hər şeyi zaman və müzakirələr göstərəcək.

Ruslan


Müəllif:

Oxşar xəbərlər