Mərkəzi Seçki Komissiyasının (MSK) təşəbbüsü və təşkilatçılığı ilə bu gün siyasi partiyalar üçün onların maliyyə hesabatları ilə əlaqədar seminar keçirilib.
Teleqraf.com-un məlumatına görə, MSK-nın inzibatı binasında keçirilən tədbir siyasi partiyaların maliyyələşməsində şəffaflığın daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edən maliyyə hesabatlarının tərtib edilməsi, qəbul edilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinin xüsusiyyətlərinə həsr olunub.
Seminarda MSK, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Auditorlar Palatasının rəsmiləri tərəfindən siyasi partiyaların illik və seçkilərlə bağlı maliyyə hesabatlarının tərtib edilməsi, müvafiq səlahiyyətli orqanlara göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinin xüsusiyyətləri, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, habelə maliyyə hesabatları ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair məsuliyyət mövzularında məruzələr edilib və təqdimatlar aparılıb.
Seminarda dövlət qeydiyyatından keçmiş siyasi partiyaların rəhbərləri və təmsilçiləri, Komissiyanın və MSK nəzdində nəzarət-təftiş xidmətinin üzvləri, siyasi partiyaların illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, müvafiq dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə gündəlikdə nəzərdə tutulduğu kimi, siyasi partiyaların illik və seçkilərlə bağlı maliyyə hesabatlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səxavət