17 Mart 2016 16:01
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabir Rüstəmxanlı: “Dövlət başçısının atdığı addımı çox yüksək qiymətləndirirəm”

Martın 15-də Ankarada keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Türkiyə və Azərbaycan cəmiyyətinin diqqət mərkəzində qalmaqda davam edir. Azərbaycan və Türkiyə arasında ikitərəfli sıx münasibətlərin əsasında, dostluq, qardaşlıq münasibətləri, xalqların birliyi amili dayanır. Heç kim üçün sirr deyil ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Azərbaycan həmişə, ən çətin anlarda da Türkiyənin yanında olub, ona öz səmimi və əməli dəstəyini ifadə edib.
Türkiyəyə rəsmi səfəri zamanı Prezident İlham Əliyev terror aktını qətiyyətlə pisləyib və Azərbaycanın türk xalqının yanında olduğunu bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz.

Azərbaycan Prezidentinin belə çətin bir məqamda Türkiyəyə səfər etməsinə və Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının keçirilməsinə münasibət bildirən Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı dövlət başçısının bu addımını çox yüksək qiymətləndirdiyini bildirib. O qeyd edib ki, Azərbaycanda həm iqtidar, həm də müxalifət bu addımı yüksək qiymətləndiriblər: “Bu məsələyə münasibətdə fikir ayrılıqları yoxdur. Biz hesab edirik ki, bu, əsl qardaşlıq addımı idi. Müxtəlif terror aktları, təxribatlar Azərbaycanla Türkiyənin münasibətlərini poza bilməz. Terror insanlığa yaraşmayan, alçaq bir işdir. Türkiyənin inkişafını istəməyən müəyyən qüvvələr terroru genişləndirsələr də, türk xalqının iradəsini qıra bilməzlər. Hesab edirəm ki, Azərbaycan bu məsələni, yəni qardaş ölkədə gedən prosesləri dəqiq bilir. Azərbaycan Prezidenti çox yerində və əslində çox uğurlu addım atdı”.

S.Rüstəmxanlı qeyd edib ki, ötən ilin yanvarında Parisdə baş verən terror aktı zamanı dünyanın bütün böyük dövlətlərinin prezidentləri, müxtəlif siyasi xadimlər hamısı uçaraq Fransa paytaxtına gediblər: “Türkiyədə daha ağır bir terror olub. Türkiyə də dünyanın, Avropanın bir parçasıdır və dünyanın böyük dövlətlərindən biridir. Orada ölənlər də insandır. Nə cür olur ki, buna biganə qalırlar?! Amma Azərbaycan Prezidenti göstərdi ki, ölkəmiz bu məsələyə nə qədər həssasdır. Çünki özümüz də terrorla üz-üzə qalmışıq. Azərbaycan bu gün erməni terroru ilə üz-üzədir. PKK ilə erməni terrorizmi qohum-əqrəbadır. Bunların biri Azərbaycanda, digər hissəsi isə Türkiyədə türk düşmənçiliyi aparırlar. Düşmən eyni olanda, düşmən qüvvələrini birləşdirəndə gərək biz də ona qarşı qüvvələrimizi birləşdirək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər