19 Mart 2016 13:42
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dünya dövlətləri, o cümlədən qonşu ölkələrlə normal əməkdaşlığa üstünlük verir və siyasətini bu istiqamətdə qurur. Azərbaycan müstəqil siyasət yürütdüyü, doğru yolla getdiyi üçün bir çox hallarda ədalətsiz münasibətlə üzləşir. Bu yanaşma Dağlıq Qarabağ probleminə münasibətdə də özünü göstərir. Doğrudur, Ukrayna hadisələrindən sonra bu məsələlərə baxışda ciddi dəyişikliklər baş verməyə başlayıb. Biz əvvəllər beynəlxalq hüququn prinsiplərindən danışan tək-tək ölkələrdən olurduqsa, hazırda bunun vacibliyini vurğulayan ölkələrin dairəsi genişlənir. Çünki hər kəs artıq dərk etməyə başlayır ki, beynəlxalq hüquqa riayət olunmursa, təhlükə bütün ölkələr, xalqlar üçün var. Ona görə, bizim ikili standartlar adlandırdığımız məsələlərdə də dəyişikliklər baş verir. Artıq mövqe dəyişikliyi özünü göstərməkdədir”.

Bunu vitse-spiker Bahar Muradova dünya siyasətçilərinin yumşaq güc adlandırdığı ikili standartlar haqqında danışarkən deyib.

Teleqraf.com-un məlumatına görə, B.Muradova ATƏT çərçivəsində mövcud olan ikili standartlarla bağlı da danışıb: “O cümlədən, bu məsələ ilə əlaqədar ATƏT çərçivəsində tək səslə danışırdıqsa, indi bizə qoşulanlar var. Xüsusilə, böyük dövlətlər, ATƏT-in Minsk konfransının üzvü olan dövlətlər bu məsələlərin, münaqişələrin həllinin vacibliyini vurğulayırlar, beynəlxalq hüquqa istinad edirlər. Qeyd olunur ki, əgər mövcud problemlər həll olunmasa, yeni münaqişələrin baş verəcəyi istisna deyil. Problemlər o qədər çoxalıb ki, yeni münaqişələr köhnə münaqişələri kölgədə qoyur. Maraqlı güc mərkəzləri isə əlbəttə ki, köhnə münaqişələri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini də unutdurmağa çalışırlar. Bu, bizi narahat edir. Amma vəziyyətin kəskin dəyişməsi yeni yanaşmaları meydana çıxardığı üçün bizim də fəaliyyətimizdə yeniliklər olur. Ona görə də, bu ölkələrin vahid şəkildə çıxış etməsinin mexanizmini axtarırıq. Bu yöndə müxtəlif təkliflər olur. Bunların sırasına ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsindən tutmuş, bu formatdan tam imtina edilməsi məsələsi də daxildir”.

Vitse-spiker deyib ki, Azərbaycan hələ ki Minsk qrupu formatını yeganə mümkün variant hesab edir: “Bununla belə, digər beynəlxalq müstəvidə fəaliyyəti də mümkün sayır. Ermənistan tərəfi isə yalnız Minsk formatına üstünlük verərək ayrı-ayrı beynəlxalq qurumların münaqişənin həlli ilə məşğul olmasını özləri üçün təhlükəli hesab edirlər. Çünki belə olduğu təqdirdə münaqişələrin həlli ilə məşğul olan beynəlxalq alyans yaranır. Təəssüf ki, AŞPA-da Qarabağla bağlı məsələ müzakirəyə çıxarılan zaman Minsk qrupunun həmsədrləri başqa təşkilatların bu proseslə məşğul olmasının danışıqlar prosesinə mənfi təsir edəcəyi haqda bəyanat verdi. Bu o deməkdir ki, həmsədrlər bu məsələni monopoliyaya alır. Biz isə belə yanaşmanı qəbul etmirik. Çünki bu, təhlükəli tendensiyadır. Belə yanaşma münaqişənin həllinə töhfə verə biləcək digər imkanların, mexanizmlərin istifadəsini minimuma endirir. Bu da yalnız Ermənistana sərf edir.

Ölkəmizlə bağlı ikili standartları əks etdirən qərəzli sənədlər də ermənipərəst dairələrin maraqlarına xidmət edir, onlardan qaynaqlanır. Bu dairələrin marağındadır ki, Azərbaycan cəmiyyətində inkişafı, demokratiyanı ləkələsin, guya ölkəmizdə insan hüquqları pozulur. Bununla da, dolayısı yolla Qarabağ erməni icmasının Azərbayanın tərkibində yaşamasının mümkünsüzlüyünü sübut etməyə çalışırlar. Biz belə məkrli planlara qarşı mübarizə aparırıq. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, biz heç zaman sayıqlığı itirə bilmərik. Odur ki, bir çox hallarda beynəlxalq tədbirlərdə çıxışlarımız kəskin notlarla müşahildə olunur və bizə atılan böhtanlara qətiyyətlə cavab veririk”.

Nemət


Müəllif:

Oxşar xəbərlər