Müsavat Partiyasının üzvü olmuş, uzun illər mediada bu partiyanı təbliğ edən jurnalist Elbəyi Həsənli Müsavat Partiyasının başqanı Arif Hacılının ünvanına tənqidi fikirlər səsləndirib.
Teleqraf.com-un məlumatına görə, E.Həsənli Müsavat Partiyasının başqanını dağıdıcı olmaqda suçlayıb: “Müsavat Partiyasının başqanı Arif Hacılı məhz Tofiq Yaqublu kimi, yəni birləşdirici fiqur olmalıydı. Arif Hacılı isə dağıdıcıdır. Ona görə də Müsavatın tifaqı xaraba qalıb. Tofiq bəy deyir ki, parçalanmışı yenidən birləşdirməyə çalışacaq. Düzdür, bu fikirləri çox ehtiyatla səsləndirir. Bilir ki, bu, o qədər də asan məsələ deyil. Bu işdə Tofiq bəyə uğurlar arzulayıram, Müsavatın birliyi naminə mübarizə aparan şəxslərlə həmrəyəm”.
Onun sözlərinə görə, A.Hacılı başqan olandan sonra ziyalılar və partiya elitası Müsavatdan istefa verib və ya tərk edib: “Arif Hacılı deyir ki, son üç ayda partiyaya daxil olanların sayı, son iki ildə Müsavatdan gedənlərin sayından bir neçə dəfə çoxdur. Bu fikirlərə yalan da demək olmaz. Bunun adı gopologiyadır. Arif Hacılı başqan olandan sonra partiyanın az qala bütün elitası təşkilatı tərk edib, bir nəfər də tanınmış sima bu partiyaya daxil olmayıb. Elə bu səbəbdən də Arif Hacılı sovet dönəmindəki kolxoz sədrləri kimi pambıq “pripiska”sına keçib”.
Xatırladaq ki, Müsavat Partiyasının 2014-cü il sentyabrın 27-də keçirilən VIII qurultayında Arif Hacılı 228 səslə başqan seçilib. Qubad İbadoğlu 200 səslə ikinci, Tural Abbaslı 20 səslə üçüncü olub. Qurultayın nəticələrindən narazı qalanlar növbədənkənar qurultay keçirilməsi tələbini irəli sürüblər. Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaradıb. Müsavat rəhbərliyi Q.İbadoğlunun bu addımını bölücülük kimi qiymətləndirib və onu partiyadan xaric edib. Müsavatdan uzaqlaşdırılanların böyük əksəriyyəti Qubad İbadoğlunun ətrafına toplaşıb. Tural Abbaslı isə tərəfdarları ilə birlikdə "Ağ blok" yaratdığını bildirib və tezliklə partiya yaradacağını elan edib.
Nərgiz