Siyavuş Novruzov: “Mitinqə gedənlər qohum-əqrəbalarıdır”
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov müxalifət partiyalarının mitinq istəyini şərh edib.
O, Teleqraf.com-a açıqlamasında deyib ki, müxalifətin aksiyaları mövsümi xarakter daşıyır: “Hava soyuyanda aksiya dayanır, hava isinəndə mitinqə başlayırlar. Onlar aksiyanı hər hansı məsələyə reaksiya vermək üçün yox, mövsümi olduğu üçün keçirirlər. Milli Şuranın keçirdiyi aksiyalarda 200-250 nəfərdən artıq insan iştirak etmir. O da onların yaxın adamları, qohum-əqrəbalarıdır. Qohum-əqrəbaları və media təmsilçilərini çıxmaq şərtilə Azərbaycanda Milli Şuradakıların ideyaları arxasında gedən bir nəfər də olsun vətəndaş yoxdur. Milli Şuranın hər hansı mitinq keçirməyinin bir mənası yoxdur”.
Qeyd edək ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirib ki, təmsil olunduğu qurum aksiyalar keçirəcək: “Qanun çərçivəsində icazəli mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. Əgər aksiya keçirmək üçün “Məhsul” stadionu tövsiyə ediləcəksə, Milli Şuranın həmin məkanda mitinq keçirməyə razı olacaq”.
Martın 30-da isə 10-a yaxın siyasi partiyanın təsis etdiyi Anti-böhran Koalisiyasının toplantısı keçirilib. Toplantıda bir sıra məsələlərlə yanaşı mitinq mövzusu da müzakirə edilib. Ttoplantıda Mitinq Komitəsinə işlərini aktivləşdirmək barədə göstəriş verilib.
Mitinq mövzusu Müsavat Partiyasının da gündəminə gətirilib.
Nərgiz