7 Aprel 2016 08:30
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səfərim sizin Rusiya və İran prezidentləri ilə razılaşmanızın nəticəsidir. Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir.”


Teleqraf.com-un məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşündə deyib.


Onun sözlərinə görə, ölkələr arasında nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində ümumi maraqlar var: “Ümidvaram ki, sizin prezident Putin və prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz sabah nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Biz ötən ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı sizin onunla əldə etdiyiniz prinsipial razılaşmaları rəhbər tutacağıq. Yeri gəlmişkən, o, sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir”.

S.Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ciddi çağırışla qarşılaşıb. “Uzun illər ərzində yəqin ki, bu, ən irimiqyaslı döyüş əməliyyatlarıdır. Həqiqətən biz - həm Prezident, həm Baş nazir, həm bizim nazirlik, əlbəttə ki, Müdafiə Nazirliyi və Baş Qərargah səviyyəsində tərəflərə atəşkəs barədə razılıq əldə edilməsi üçün zəruri olan bütün addımları atdıq. Bu razılaşmanın pozulmamasına dəstək verməyə hazır olacağıq. Əlbəttə ki, sizin dediyiniz kimi, bu konkret məsələdə vəziyyəti sabitləşdirmək vacibdir. Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik.Biz indi həmsədrlərin göstərdikləri təşəbbüsləri tamamilə dəstəkləyirik. Onlar Bakıya səfər etdilər, sabah təmas xəttində, birigün isə İrəvanda olacaqlar. ATƏT-in, əlbəttə ki, təkcə ATƏT-in yox, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə ən yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir. Bu qəbula görə çox sağ olun. Bir daha bu səfərin gedişində məhsuldar danışıqlara ümid bəsləyirəm”.


Müəllif: