8 Aprel 2016 13:29
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-5-i arasında cəbhədə baş verən hərbi əməliyyatlar, ordumuzun irəliləməsi, 8 yüksəkliyi düşməndən azad etməsi diqqəti yenidən Dağlıq Qarabağ münaqişəsi, aparılan sülh danışıqları, Bakıya aramsız səfər edən xarici diplomatların üzərinə cəmləşdirib.

Vaxtilə münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlardan məlumatı olan şəxslər hazırda bu istiqamətdə müəyyən fikirlər səsləndirirlər.

Sabiq spiker Rəsul Quliyev də cəbhədə gedən son döyüşlər, ordunun irəliləməsi kimi mövzularda fikirlərini açıqlayıb.

Ancaq Rəsul Quliyevin bir fikri diqqəti cəlb edib.

O bildirib ki, vaxtilə Azərbaycan Dağlıq Qarabağa Naxçıvan Muxtar Respublikasının statusundan da çox səlahiyyət verməyə razı olduğunu bildirib, lakin ermənilər bununla razılaşmayıb: “Əlavə olaraq Laçın və Kəlbəcəri, üstəlik Zəngilanın bir hissəsini istəyiblər”.

Görünən budur ki, Rəsul Quliyev daha 1994-1996-cı illərdə sülh danışıqları zamanı erməni tərəfinin mövqeyini nəzərdə tutub.

Qeyd edək ki, həmin dövrdə Minsk Qrupu adından bir neçə təklif irəli sürülüb. 1999-cu ildə belə təkliflərdən biri mərhum Heydər Əliyev tərəfindən rədd edilib. Çünki sözügedən təkliflərdə daha çox erməni tərəfinin maraqları təmin olunurdu. Sonrakı dövrlərdə isə Ermənistan rəhbərliyi bir neçə təkliflər paketini qəbul etməyərək danışıqlar prosesindən faktiki olaraq qaçıb.

Ancaq indi reallıqlar tam fərqlidir. Əvvəla indiyə qədər Azərbaycan danışıqlar prosesinə məğlub dövlət qismində qatılırdı. Beynəlxalq aləmdə düşünülürdü ki, Azərbaycan məğlub tərəf statusunda danışıqlar prosesində iştirak edir.

Bu səbəbdən də bir çox hallarda Azərbaycanın haqlı tələbləri qulaqardına vurulurdu. Münaqişənin həlli istiqamətində real bir hərəkət müşahidə olunmurdu.

Lakin 2-5 apreldə cəbhədə baş verən hərbi əməliyyatlardan sonra Azərbaycan tərəfi güclü dövlət qismində sülh danışıqlarına qatılır. Çünki cəbhədə baş verən son hadisələr göstərdi ki, Azərbaycan ordusu qısa müddətə düşmənin cəbhə xəttini yararaq içərilərə doğru hərəkət etmək, mülki əhaliyə zərər vermədən işğal edilən torpaqları azad etmək qüdrətindədir. Məhz bu məqam hazırda beynəlxalq oyunçuları məcbur edir ki, sülh danışıqları istiqamətində çağırışlar etsin, münaqişənin həlli üçün tədbirlərə əl atılsın.

Sirr deyil ki, cəbhədə baş verən hadisələr zamanı Azərbaycana beynəlxalq dəstək özünü açıq göstərdi, bir çox nüfuzlu siyasi xadimlər açıq şəkildə ölkəmizin ərazi bütövlüyünü müdafiə etdi və işğalçı ordunun ərazilərimizdən çıxmasını tələb etdi, BMT-nin müvafiq qətnamələrini xatırlatdı.

Ötən gün sabiq dövlət müşaviri Rasim Ağayev də müsahibəsində qeyd etmişdi ki, Azərbaycan bundan sonrakı danışıqlar prosesinə güclü əl olaraq qatılacaq. O, qeyd etmişdi ki, Azərbaycan ordusu Dağlıq Qarabağı dondurulmuş münaqişə mərhələsindən çıxardı və dünya gördü ki, Qarabağ buzlaşmış münaqişə ocağı hesab edilə bilməz.

Görünən budur ki, yaxın dövrdə münaqişənin həlli üçün aramsız danışıqlar prosesinə start veriləcək. Lakin Azərbaycan tərəfi bu danışıqlarda güclü əl olaraq status-kvonun indiki şərtlər daxilində qalması ilə barışmayacağı iradəsini ortaya qoyacağını indidən proqnoz etmək olar.

Cavidan


Müəllif:

Oxşar xəbərlər