18 Aprel 2016 15:52
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyası bu gün ölkədə baş verən bir sıra məsələlərlə bağlı müzakirələr aparıb və mövqeyini ifadə edib.

Teleqraf.com xəbər verir ki, partiyada keçirilən toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə aprelin əvvəlində işğal altında olan Qarabağ ətrafında baş verən döyüşlər, bu döyüşlərdə ordumuzun əldə etdiyi nailiyyətlər, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin ölkəmizə verdiyi dəstək, bütün cəbhə boyu düşmən ordusunun ağır itkilər hesabına geri oturdulması barədə müzakirələr aparıb.

Qeyd edilib ki, müharibədə verilən itkilərə baxmayaraq üç gün ərzində davam edən döyüşlər ordumuzun peşə hazırlığının üstünlüyündən, hərbi potensialımızın yüksək olmasından, xalqla ordu arasında vəhdətdən xəbər verməklə əldə edilən döyüş nəticələri erməni ordusunun məğlubedilməzliyi barədə miflərə son qoydu, Azərbaycan xalqının və ordusunun qüdrətini nümayiş etdirdi.

ADP Türkiyə, Pakistan, Ukrayna, Belorus, İran və digər dövlətlərin xalqlarının, nüfuzlu Avropa qurumlarının bu savaşda Azərbaycanın haqlı mövqeyini müdafiə etdikləri səbəbindən təşəkkürünü ifadə edib və beynəlxalq təşkilatları erməni işğalına qarşı mübarizədə Azərbaycanın ədalətli mövqeyini daha ciddi şəkildə müdafiə etməyə çağırıb.

İdarə Heyəti Dağlıq Qarabağ da daxil olmaqla işğal altında olan ərazilərimizi beynəlxalq hüququn ortaya qoyduğu bütün vasitələrlə azad etməyə çağırıb.

İstanbul da baş tutan İƏT-nın zirvə toplantısının nəticələri və bu sammitdə islam ölkələrinin birliyinə xidmət edən müzakirələri toplantıda təqdir edilib. Qeyd edilib ki, ADP-nin hələ bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasında müsəlman ölkələrindən birinə veto hüququnun verilməsi ilə bağlı irəli sürdüyü ideyanın bu sammitdə yenidən gündəmə gəlməsini, vahid islam ordusunun yaradılmasını, islam birliyinə nail olunması, islam ölkələri daxilində təfriqələr və məzhəb davalarının aradan qaldırılması, həmrəyliyin əldə edilməsi üçün məzhəb və təriqətlərdən imtina edilməsi haqqında səslənən fikirləri alqışlayıb.

İdarə Heyəti son vaxtlar bu və ya digər şərtlər daxilində Azərbaycanın hər hansı bir ölkəyə birləşdirilməsi barədə səsləndirilən bəyanatların Azərbaycan Konstitusiyasının təməl prinsipi olan suverenlik və müstəqilliyimizlə bir araya sığmadığını bildirib və bu cür fikirlərin dövlətçiliymiz üçün zərərli olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə silahlı qüvvələrinin sabiq qərargah rəisi İlkər Başbuğ bildirmişdi ki, Azərbaycan və Türkiyəni bir dövlətdə görmək onun ən böyük arzusu və xəyalıdır.

Nemət


Müəllif: