29 Aprel 2016 17:12
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Almaniyanın Beynəlxalq Siyasət və Beynəlxalq Hüquq Birliyində “Azərbaycan Cənubi Qafqazda sabitlik lövbəri və Avropanın enerji tərəfdaşı kimi. Siyasi, iqtisadi və təhlükəsizlik prizmasından baxış” mövzusunda geniş təqdimatla çıxış edib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, təqdimatda əsas yer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə verilib. Dağlıq Qarabağ bölgəsinin və münaqişəsinin tarixindən danışan səfir ermənilərin Cənubi Qafqaza köçürülməsi, müxtəlif vaxtlarda Azərbaycanın tarixi torpaqlarının Ermənistana birləşdirilməsi, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları haqda tədbir iştirakçılarını məlumatlandırıb, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini sübutlarla ifşa edib.

Münaqişənin beynəlxalq hüquq aspektlərinə toxunan səfir beynəlxalq təşkilatların qərarlarını diqqətə çatdıraraq, Ermənistanın beynəlxalq ictimaiyyətin işğala son qoymaq çağırışlarına məhəl qoymadığını bildirib. P.Şahbazov cəbhə xəttində davam edən gərginliyin səbəblərinə də aydınlıq gətirib, işğalçı qüvvələrin atəşkəsi pozması nəticəsində mülki əhali arasında olan itkilər, eləcə də mülki obyektlərə vurulan zərəri qeyd edib.
P.Şahbazov vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, bunun üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərini tərk etməli, hüquqları pozulmuş yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarına qayıda bilməlidirlər.

Səfir bildirib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın dinc yanaşı yaşamasından ibarətdir.

Daha sonra səfir tədbir iştirakçılarının Azərbaycanın qonşuları ilə münasibətləri, Xəzər dənizinin statusu, Azərbaycan-Avropa İttifaqı əlaqələri və digər mövzularda suallarını cavablandırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər