Milli Məclisin sessiyası öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib.
Bu haqda deputatlara Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə çıxışını iki ölkə arasında mövcud olan viza sisteminə həsr edib.
Bildirib ki, Türkiyə ilə viza sisteminin olması bəzi problemlər yaradır: ”Naxçıvanda insanlar bəzən Türkiyəyə işə gedir. Onların qardaş ölkədə qalması sonradan problemlər yaradır. Hesab edirəm ki, heç olmasa onların bir il müddətində Türkiyədə qala bilməsinə şərait yaradılmalıdır. Eləcə də bizim orada müəllimlərimiz, iş adamlarımız çalışır. Bu, onlar üçün də problem yaradır. Eləcə də Türkiyədən olan biznesmenlər burada işləyirlər. Hesab edirəm ki, bu haqda düşünməliyik”.
Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələ bir neçə dəfə qaldırılıb: “Bunun üzərində iş gedir”.
Sonra layihə qəbul edilib.
Nemət