10 May 2016 17:13
4 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Türkiyədə təhsil aldığı müddətdə müəllimi olmuş baş nazir Əhməd Davudoğlunun istefa verməsinin səbəbləri və şəxsi keyfiyyətləri barədə danışıb.

O, Teleqraf.com-a açıqlamasında deyib ki, Türkiyə baş nazirinin istefası prezident Rəcəb Tayyib Ərdoğanla arasındakı problemdən qaynaqlanmır. Onun fikrincə, problem sistemlə bağlıdır: “Davudoğlunun və ya Ərdoğanın yerinə başqa şəxslər olsaydı, yenə problemlər yaranacaqdı. Söhbət isimlərdən getmir. Vaxtilə Türkiyədə klassik parlament tipli respublika idi. Baş nazir də, prezident də parlament tərəfindən seçilirdi.

Parlament üzvlərini isə xalq seçirdi. Legitimliyin mənbəyi yalnız parlamentdə idi. İndi isə legitimliyi iki yerə böldülər. Prezident xalq tərəfindən seçilir. Aydındır ki, Ərdoğan özündə əlavə güc hiss edir, özünü parlamentin qarşısında hesabatlı saymır. Köhnə sistem olduğu kimi qalır. Baş nazir parlamentə cavabdehdir, siyasətçidir, hökuməti formalaşdıran adamdır, seçkilərdə insanların ən çox səsini alan partiyanın lideridir, icraedici hakimiyyətin başçısıdır.

Prezident isə icraedici hakimiyyətə başçılıq etmir, sadəcə dövlət başçısı və ali baş komandandır. Amma Ərdoğan xalqdan səs aldığı üçün hər şeyə müdaxilə etmək istəyir. O, partiyadan ayrılsa da, ideoloji və xarizmatik təsiri qalmaqdadır. Əslində, Ərdoğan siyasətdən gedib, amma elə davranır ki, siyasətdən gedə bilmir. Əsas problem də budur. Bu da Davudoğlunun istefasına gətirib çıxardı. Ərdoğan avtoritar düşüncəli, Davudoğlu isə öz fikri olan adamdır, o, kiminsə boyunduruğu olacaq səviyyədə birisi deyil”.

Onun fikrincə, Davudoğlu istefa vermədən partiyanı Ərdoğandan qoparmağa çalışa da bilərdi: “O, prezidentin AKP-yə olan təsirini zəiflətmək yolunu tuta bilərdi. Amma bu yolu tutmadı, istefasının səhəri günü parlamentdəki qrup toplantısındakı çıxışında açıq şəkildə bəyan etdi ki, heç zaman AKP-yə zərər gətirməyəcək. Bu da ondan xəbər verir ki, o, hakim partiyanın daxilində mübarizəsini apara bilərdi, amma indiki şəraitdə bunu lazımsız hesab etdi. Əhməd Davudoğlu konfliktə getməyən, vaxtilə Ərdoğana inanıb, bu gün də Ərdoğanı lider hesab edən şəxsdir”.

A.Qasımlı hesab edir ki, Davudoğlu siyasətdən getməyəcək: “Fikirləşmirəm ki, siyasətdən getsin və yenidən akademik fəaliyyətinə dönsün, universitetdə dərs deməyə başlasın. Böyük ehtimalla Davudoğlu Abdullah Gül, Bülənt Arınç və AKP daxilində bu şəxslərin ətrafında toplanan qrupla birgə fəaliyyət göstərəcək, gələcəkdə Ərdoğanın AKP-dəki təsirini zəiflətməyə çalışacaq. Əslində, bu qrup bu gün də öz işini görür və növbəti qurultaya hazırlaşır.

Məncə, Davudoğlunun bu qrupda lider olması ehtimalı olduqca yüksəkdir. Onlar çox güman klassik parlament respublikasının bərpasına çalışacaqlar, cümhurbaşqanının yenidən parlament tərəfindən seçilməsi praktikasına qayıdacaqlar. Cümhuriyyət Xalq Partiyası da onlara bu işdə dəstək olacaq. Bir şeyi də xatırladım ki, Davudoğlunu siyasətə Abdullah Gül dəvət etmişdi. O, prezidentin məsləhətçisi oldu, sonra Ərdoğanın yanına keçdi”.

İki semestr Mərmərə Universitetində Davudoğlunun tələbəsi olmuş Azər Qasımlı Türkiyənin keçmiş baş nazirinin şəxsi keyfiyyətlərinə də toxunub. Onun sözlərinə görə, baş nazirdən ingilis dilində “Beynəlxalq münasibətlər və siyasi bilim” fakültəsində “Beynəlxalq münasibətlər nəzəriyyəsindəki problemlər” fənnindən dərs alıb: “Azərbaycanda politologiya ixtisası üzrə bakalavr təhsili almışam, həmçinin Moskva Dövlət Universitetində aspiranturanı oxumuşam, 3 il fərqli universitetdə onlarla akademik və professor tanımışam, amma Davudoğlu kimi müəllimlə rastlaşmamışam.

Səhv etmirəmsə, bizimlə dərsi saat 13:00-da başlayırdı, 6-7 saat bizə dərs keçirdi, halbuki, onun dərs müddəti 45 dəqiqə olmalı idi. Amma bizə əlavə saatını ayırırdı, auditoriyanı ələ ala bilirdi, bütün tələbələrin hamısı sonadək onun dərsində otururdu. Hamı ağzını açıb ona qulaq asırdı. O qədər məlumatlı, savadlı idi ki, çox maraqlı danışırdı, bilmədiyimiz mövzuların dərinliklərinədək izah edirdi. Yazılı imtahan keçirəndə elə ciddi suallar qoyurdu ki, yarım saatımızı o sualları çözməyə sərf edirdik. Belə akademik bilikli bir şəxsin siyasətçi olacağına heç inanmırdım”.

Azər Qasımlının sözlərinə görə, Əhməd Davudoğlunun azərbaycanlılara münasibəti yüksək olub: “O, azərbaycanlılara çox böyük hörmət bəsləyirdi. Təhsilimi Türkiyədə davam etdirmək qərarı vermişdim, xahiş etdim, mənə mütəxəssis rəyi verdi. Yazmışdı ki, Azər Qasımlını tanıyıram, yaxşı tələbədir, biz azərbaycanlılara Türkiyədə yol açmalıyıq.

Elə rəy yazmışdı ki, İstanbul Universitetinin doktorantura pilləsinə daxil ola bilim. Daxil oldum, amma Moskvadan iş təklifi gəldiyi üçün Moskva Dövlət Universitetinə üz tutdum. Mən ona müraciət edəndə ki, hocam, rəy verə bilərsinizmi, dedi böyük məmnuniyyətlə. Çox açıq insan idi, qabalıq xarakterinə zidd idi, dürüst müəllim idi, işini sevirdi, insanlarla təmasda olmağı xoşlayırdı. Hər qrupda yaxşı, orta və zəif səviyyəli tələbələr olur. Bu insan hər bir tələbə, o cümlədən zəif tələbələr üçün də şərait yaradırdı, zəif bal toplayanlara ikinci şans verirdi, qiymətini yüksəldirdi ki, kursda qalmasın, heç kəsi qırmırdı”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər