12 May 2016 14:42
2 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq daxili işlər naziri Tahir Əliyevin son ittihamlarına Ali Sovetin sabiq sədri, professor Yaqub Məmmədovdan cavab gəlib.

Teleqraf.com xəbər verir ki, sabiq daxili işlər naziri, general-mayor Tahir Əliyev mətbuata verdiyi müsahibə zamanı Yaqub Məmmədovu ittiham edib.

O, bildirib ki, Y.Məmmədov ondan istəyib ki, 1992-ci ildə prezident seçkilərində onun mövqeyini müdafiə etsin, DİN strukturunu bu istiqamətə cəlb etsin. Lakin özü buna razı olmayıb, mətbuat konfransı keçirərək bəyan edib ki, DİN seçki zamanı ictimai asayişi müdafiə edəcək.

Bundan sonra Yaqub Məmmədov onu nazir vəzifəsindən azad etmək istəyib, hətta sərəncam da imzalayıb, yerinə Nurəddin Yusifov adlı şəxsi təyin edib.

Lakin bu sərəncam havada qalıb. Bundan sonra Məmmədov DİN-də ikinci dəfə birinci nazir postu təsis edib. Tahir Əliyev iddia edib ki, Yaqub Məmmədov onu seçkilərlə bağlı fikirləri səbəbindən nazir vəzifəsindən kənarlaşdırmaq istəyib.

Yaqub Məmmədov isə Teleqraf.com-a verdiyi açıqlamada Tahir Əliyevin barəsində dediyi fikirləri rədd edib, sabiq naziri hər zaman avantürist işlərlə məşğul olduğunu deyib: “Onun mətbuatda barəmdə dediklərindən xəbərim yoxdur. Onun danışdıqları şər-böhtandan başqa bir şey deyil. Görünür, onu kimsə danışdırır. Neçə illərdir ki, bizim onunla normal münasibətlərimiz olub. Bəli, əvvəlki dönəmdə arada konflikt oldu.

Mən onu nazir postundan azad etməklə bağlı fərman verdim, sonradan bu fərman icra olunmadı. Bu hadisədən sonra dəfələrlə söhbətimiz olub, oturub-durmuşuq. İndi 20 ildən sonra Tahir Əliyevi kim danışdırır, niyə danışdırır, məqsəd nədir, bu haqda konkret bir söz deyə bilmərəm. Deyə bilərəm ki, Tahir Əliyevin dedikləri cəfəngiyyatdır”.

Y.Məmmədov daha sonra qeyd edib ki, Tahir Əliyevin onun barəsində dediyi “Yaqub Məmmədov prezident olmağa çalışırdı” fikri də əsassızdır: “Həm də iddia edib ki, guya mən ona demişəm ki, məni prezident elə. O kim idi ki, məni prezident edə, onun nə səlahiyyəti və hörməti var idi ki, mən ona belə söz deyim. Onu işdən azad etməyimin səbəbi odur ki, gedib mətbuat konfransı keçirərək yalandan demişdi ki, Yaqub Məmmədov mənə deyir ki, seçkidə saxtakarlıq edərək məni prezident seçdir. Bunların hamısı yalan və şərdir. Belə söhbət heç vaxt olmayıb. Bəyəm, daxili işlər naziri prezident seçir? Boş söhbət və şər-böhtandır. İndi danışır, özü bilər, allahı bilər”.

Yaqub Məmmədov deyib ki, Tahir Əliyevi nazir təyin edib: “Nazir olduqdan sonra da başladı belə işlərlə məşğul olmağa”.

Cabbar


Müəllif:

Oxşar xəbərlər