13 May 2016 19:40
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyinin Alman Marşal Fondunun dəstəyi ilə həyata keçirdiyi “Postsovet məkanında yeni siyasi vəziyyət: xalqlar arasında münasibətlərin yaxşılaşdırılmasında vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları, siyasi partiya liderləri, beynəlxalq təşkilatların, xarici ölkə səfirlklərinin, QHT-lərin təmsilçiləri və mətbuat nümayəndələri iştirak edib.

Teleqraf.com-un xəbərinə görə, konfransda bildirilib ki, son dövrlər dünyada, xüsusilə də regionda, o cümlədən postsovet məkanında baş verən hadisələr hamını, o cümlədən Azərbaycan vətəndaşlarını narahat edir. Bir tərəfdən Türkiyə və Avropa ölkələrində baş verən terror aktları, müxtəlif yönümülü (radikal dini, milli-siyasi və s.) terrorçuların fəallaşması, digər tərəfdən Rusiyanın MDB-də yeni ilhaq addımlarının xofu dünyanı bürüyüb. Layihə ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif qruplar (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin mövzu ilə bağlı araşdırmanın aparılması, məsələyə münasibətdə real mənzərənin ortaya qoyulması, ciddi problemlərin qarşısının vaxtında alınması, preventiv tədbirlərin görülməsi, əhali arasında maarifləndirmə işlərinin görülməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, bu tip işğalçılıq, xalqlar arasında nifaq salmaq, separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq baxımından əhəmiyyətli ola bilər.

Konfransda Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandan olan ekspertlər tərəfindən məruzələr edilib, regionda olan mövcud vəziyyət, bu problemlərin yaranma səbəbləri və həlli yolları müzakirə edilib. Sonda layihə çərçivəsində həyat keçirilmiş sosioloji tədqiqat işinin nəticələri açıqlanıb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış “Postsovet məkanında yeni siyasi vəziyyət: millətlərarası münasibətlər və separatizm” kitabının da təqdimatı keçirilib.

Səxavət


Müəllif: