16 May 2016 18:08
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezidentlərin arasında görüş planlaşdırılıb. Lakin hələlik görüşün keçirilməsi və nəticələri barədə heç nə yoxdur. Ancaq demək lazımdır ki, Vyanaya gedən şəxslər elə-belə insanlar deyillər. Ora gediblərsə, deməli, ciddi məsələlərin müzakirəsi nəzərdə tutulub. Həmsədr ölkələrin xarici işlər nazirləri də bu prosesdə iştirak məqsədilə Vyanaya yollanıb. Eyni zamanda Avropa Birliyinin xarici əlaqələr üzrə ali komissarı Moqerini də oradadır”.

Teleqraf.com xəbər verir ki, bunu sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün keçirilməsi gözlənilən Vyana görüşünü şərh edərkən deyib.

Politoloq görüşdə müzakirə edilə biləcək məsələlər haqqında da fikirlərini bölüşüb: “Birinci növbədə təmas xəttində sabitliyin təmin olunması müzakirə ediləcək. Ola bilsin ki, bunu hansı şəkildə həyata keçirmək məsələsi üzərində fikir mübadiləsi aparılsın. Əlbəttə, ermənilər çox şey istəyir. Ancaq daha real görünən budur ki, ATƏT sədrinin təmas xətti üzrə köməkçisi, monitorinqlə məşğul olan Kaspirşikin missiyasının genişləndirilməsi haqda qərar verilsin.

Kaspirşik qeyd edirdi ki, altı nəfərlə cəbhədə monitorinq missiyasını həyata keçirməkdə çətinlik çəkir. Ola bilsin ki, bu missiya genişləndirilsin. Mümkündür ki, Azərbaycan buna razılıq versin.

Ermənilər qeyd edirdi ki, cəbhə bölgəsində hansısa xüsusi qurğular qurulmalı, kim atəşkəsi pozursa, məsuliyyət daşımalıdır və s. Məncə, bunlar cəfəngiyyatdır və müzakirə üçün nəzərə alınmayacaq. Yəni bütün bunlar əslində mövcud vəziyyətin dondurulmasına hesablanıb, Azərbaycan tərəfi buna razılıq verən deyil. Çünki burada söhbət Azərbaycanın ərazisindən gedir, Ermənistan torpaqlarından deyil”.

Musabəyovun qənaətincə, Vyana görüşü zamanı ciddi danışıqlar prosesinin başlanması barədə razılıq əldə edilə bilər: “Reallıqda 3 ildir ki, heç bir danışıq getmir. Mahiyyətcə danışıqların başlanması haqda mümkündür ki, yeni razılaşma olsun. Düşünmürəm ki, prezidentlər orada nəsə imzalayacaq. Bu, qeyri-mümkündür. Hələlik onların görüşüb-görüşməməyi açıq məsələdir. Lakin həmsədrlərin bəyanatı ilə tərəflərin hansı məsələdə razılığa gəlməsi səsləndirilə bilər”.

”İndi danışıqlar prosesinə tərəflərdən hansı daha güclü və inamlı şəkildə qatılır” sualına gəldikdə sabiq dövlət müşaviri deyib ki, Azərbaycanın iqtisadi, demoqrafik, hərbi üstünlüyü mövcuddur: “Ancaq o da bəllidir ki, hər üç həmsədr ölkədə erməni lobbisi güclüdür və Ermənistanı himayə edirlər. Belə şeyləri ölçmək və birmənalı demək çətindir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər