19 May 2016 14:06
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanı Arif Hacılının müavini Tofiq Yaqubluya AXCP ilə əməkdaşlıq istiqamətində səlahiyyət verəndən sonra qarşı tərəflə təmaslar qurulub.

Tofiq Yaqublu Müsavat rəhbərliyində təmsil olunan şəxslərlə birgə bir qrup cəbhəçi ilə çay masası ətrafında söhbətləşib. Görüşdən sonra sosial şəbəkədə müsbət nəticələr əldə olunduğu yazılsa da, sonradan Müsavat-AXCP üzvləri arasında polemikalar başlayıb. AXCP funksioneri İlham Hüseynin “Müsavat Partiyası ilə birlik məsələsi gündəmdə deyil. Biz daha vacib məsələlərlə məşğuluq” fikirləri müsavatçılar tərəfindən sərt qarşılanıb.

“AXCP ilə əməkdaşlıq cəhdlərinin perspektivinə inanmıram”

Müsavat başqanının müavini Yadigar Sadıqov Müsavatın AXCP ilə əməkdaşlıq cəhdlərinin perspektivinə inanmadığını söyləyib. Onun fikrincə, AXCP əlində olan vasitələrdən ilk növbədə Müsavata qarşı istifadə etmək niyyətində olduğu üçün əməkdaşlıqda maraqlı deyil.

“İki partiyanın birləşmə məsələsi müzakirə edilməyib”

Görüşdə iştirak etmiş AXCP sədrinin müavini Gözəl Bayramlının Teleqraf.com-a açıqlamasında “AXCP və Müsavat üzvlərinin çay masası ətrafındakı görüşündə iki partiyanın birləşmə və əməkdaşlıq məsələsi müzakirə edilməyib” fikrinə isə müsavatçı Alya Yaqublu birmənalı yanaşmayıb.

O, Gözəl Bayramlının özünün də iştirak etdiyi görüş haqqında dediyi fikirlərə görə təəssüf etdiyini vurğulayıb: “”Düşmən” partiyanın üzvləriylə görüşmüsənmi? Oturub bir-iki çaynik çay içmisənmi? İki partiyanın əməkdaşlığından danışmaq cəsarəti göstərmisənmi? Bunlar çox gözəl! Belə bir əməkdaşlığı “şəxsi fikrin olaraq” dəstəkləmisənmi? Bu, inanılmaz dərəcədə gözəl! İndi heç insafdımı bu qədər gözəl əməlin yarısını deyib, yarısını danasan? Həm də o sayda şahid varkən!

Orada əməkdaşlıq haqqında çox pozitiv fikir mübadiləsi olmuşdu, Müsavatın bu yöndə cəhdlərinə cəbhəçilər müsbət reaksiya vermişdilər. Sonradan bunu danmağın hansı zərurətdən irəli gəldiyini təxmin edirəm və təəssüf eləyirəm ki, AXCP rəhbərliyinin bu cür ciddi məsələyə şəxsi maraqlar baxımından yanaşması elə uğurlu başlanğıcı boşa çıxardı”.

Əli Kərimli Tofiq Yaqubluya niyə “yox” dedi?

Tofiq Yaqublu həmçinin AXCP sədri Əli Kərimli ilə görüşüb. O, partiyalar arasında əməkdaşlığın baş tutması üçün müzakirələri davam etdirməkdə israrlı olduğunu deyib. Məlumatlara görə, Müsavat başqanının müavini AXCP sədrinə Respublika günü münasibəti ilə Rəsulzadənin Novxanıdakı abidəsi önündə partiyaların birgə tədbirinin keçirilməsini də təklif edib. Lakin Əli Kərimli bu təklifə müsbət yanaşmayıb.

“Hadisələri qabaqlamaq istəmirəm”

Müsavat-AXCP arasında əməkdaşlıq istiqamətində aparılan danışıqların vəziyyətini öyrənmək üçün bu vəzifəyə görəvləndirilən Tofiq Yaqublu ilə əlaqə saxladıq.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, bəlli səbəblərdən AXCP və Müsavat arasında gərginlik və etimadsızlığın olduğu aydındır: “Çay süfrəsi arxasındakı görüş sadəcə olaraq tərəflər arasında mehribanlıq mühitinin yaradılması məqsədi ilə təşkil olunmuşdu. Bu iki müxalifət partiyasının qarşıdurmasının lazımsız olduğunu hər iki tərəf təsdiq etdi. Sözsüz ki, bu, hələ birlik və ya birgə əməkdaşlıq demək deyil. Perspektivdə bunun alınması üçün lazımi mühitin yaradılmasını təmin etdik. Və bu cür yaxınlaşma və isinişmə durmadan davam edəcək ki, konkret situasiyada rəsmi birgə əməkdaşlıq zərurəti yarandıqda, bu prosesi məhz həmin seytnot vəziyyətində başlamağa məcbur olmayaq”.

Tofiq Yaqublu Alya Yaqubludan fərqli olaraq Gözəl Bayramlının fikirlərini təmkinli qarşılayıb: “Gözəl Bayramlı doğru söyləyib, çünki o görüşdə tərəflər nədən ötrü toplaşdığını aydın dərk edirdilər və birinci mərhələnin uğurlu alınması üçün lazım olan addımları atdılar. Hər iki tərəfdə yaşananlardan dolayı birgə fəaliyyəti lazımsız hesab edənlərin olduğu sirr deyil. Mənə elə gəlir ki, getdikcə münasibətlər daha yaxşı olacaq”.

O, AXCP sədri ilə görüşün detallarını da açıqlayıb:

“Əli Kərimli ilə 28 Mayla bağlı xüsusi bir müzakirəmiz və ya təklifimiz olmayıb. Onunla söhbətdən razı qaldım. Bizə nəzərdə tutduğumuz prosesin alınması lazımdır. Respublika günündə birgə tədbir keçirmək sırf texniki xarakterli bir məsələdir. Əsas məsələ həlledici məqamlarda effektli mübarizə apara bilməkdir ki, bunun da alınacağına ümid edirəm”.

“AXCP rəhbərliyində təmsil olunanlar birmənalı şəkildə bəyan edirlər ki, AXCP ilə əməkdaşlıq yalnız Milli Şura daxilində mümkündür. Müsavatın Milli Şuradan çıxdığını nəzərə alsaq, siz iki partiyanın əməkdaşlığını hansı formatda görürsünüz” sualını isə Tofiq Yaqublu belə cavablandırıb: “Bu iki partiyanın hansı şərtlərlə və hansı formatda birgə fəaliyyət göstərəcəyi sonrakı məsələdir. Bir daha deyirəm ki, indi əsas vəzifəmiz birgə fəaliyyətin zəruriliyinə hər iki tərəfin etimadını təmin etməkdir. Zamanı gələndə fəaliyyətin forması və şərtləri haqqında təkliflər də olacaq, diskussiyalar da. Hadisələri qabaqlamaq istəmirəm”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər