90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə 6 nəfər mübarizə aparacaq.
Bu barədə Teleqraf.com-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.
Onun sözlərinə görə, seçkilərdə iştirak etmək istəyən 6 nəfərin namizədliyi qeydə alınıb.
Qeyd edək ki, həmin şəxslər arasında yalnız ikisinin partiya mənsubiyyəti var. Yeni Azərbaycan Partiyası Cavid Osmanovun, Ümid Partiyası isə sədr İqbal Ağazadənin namizədliyini irəli sürüb.
90 saylı dairədə mübarizə aparacaq digər namizədlər isə bitərəfdir. Onlar Əli Haqverdiyev, Anar İbrahimli, Rəşid Gözəlov və Rəşad Abdullayevdir.
Şahin Əsədli qeyd edib ki, ümumilikdə sözügedən dairə üzrə 14 nəfər müraciət edib və hamısının namizədliyinin irəli sürülməsi təsdiq olunmuşdu: “14 şəxsin hər birinə imza vərəqəsi verildi. Bildiyiniz kimi 90 saylı dairə üzrə təkrar seçkilərlə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi üçün ayrılan müddət mayın 19-da saat 18:00-da başa çatıb. Müəyyən edilmiş vaxtadək cəmi 11 nəfər imza vərəqələrini dairə seçki komissiyasına təqdim edib. Onlardan isə 6 nəfərin namizədliyi qeydə alınıb”.
Nərgiz