“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni açıqlamasında deyib ki, Dağlıq Qarabağın “təmsilçiləri”nin iştirakı olmadan heç bir sənədə imza atmayacaqlar. Bu, ermənilərin çoxdankı təxribatıdır. Sanki torpaqları Ermənistan deyil, Dağlıq Qarabağın azsaylı “təmsilçiləri” işğal ediblər. Beynəlxalq aləmə sırımağa çalışırlar ki, guya münaqişə Azərbaycanla Dağlıq Qarabağda yaşayan ermənilər arasındadır. Halbuki, bütün dünya, hətta müttəfiqləri Rusiya yaxşı bilir ki, Dağlıq Qarabağda Ermənistan qoşunu yerləşir. Ona görə də məntiqi olaraq biz Dağlıq Qarabağ separatçıları ilə deyil, onlara hərbi dəstək verən, işğal altındakı torpaqlarımızda qoşunlarını yerləşdirən Ermənistanla müzakirə aparmaq məcburiyyətindəyik”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəbbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlunun sözlərinə görə, buna rəğmən, Qarabağın Azərbaycan icmasının rəhbərliyi indiki həssas – dünyanın gözünün Dağlıq Qarabağa dikildiyi məqamda belə bir təkliflə çıxış etməlidir ki, Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamağa hazırdır: “Bu, bizə iki baxımdan vacibdir. Birincisi, bütün dünya görər ki, biz ərazimizdə yaşayan ermənilərlə dialoqdan çəkinmirik, ancaq onlarla dialoqu dövlət institutları yox, indiki mərhələdə Dağlıq Qarabağdan qovulan azərbaycanlılar aparmalıdırlar. Axı münaqişə nizamlanarsa, Dağlıq Qarabağdakı ermənilərlə azərbaycanlılar birgə yaşamalıdırlar. Qoy elə indidən aktiv dialoqa başlasınlar ki, gələcək birgə həyatın konturlarını müəyyənləşdirsinlər. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı təmsilçilərinin dialoq təklifi göstərər ki, biz bu bölgədə yaşayan erməniləri öz vətəndaşımız sayırıq.
Fikrimcə, dialoq təklifini gündəmə gətirməyin tam zamanıdır. Yox, əgər separatçıların rəhbərləri icma nümayəndələrinə dialoqa qadağa qoysalar, müzakirələrdən çəkinən tərəfin kim olacağı bir daha aşkarlanacaq. Beynəlxalq aləmin gözü qarşısında dialoqdan yayınma həm də onu göstərəcək ki, erməni separatçıları azərbaycanlıların geri qayıdışına mənfi yanaşırlar. Ona görə də düşünürəm ki, bu təklifi Minsk Qrupunun gündəminə gətirmək lazımdır.
Dialoq olarsa, mesajlarımızı birbaşa Dağlıq Qarabağ ermənilərinə çatdıra bilərik. Aydındır ki, hər iki tərəf öz mövqeyindən geri çəkilməyəcək. Ancaq növbəti hərbi toqquşmadan öncə Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, bizim mülki insanlarla problemimiz yoxdur və onların həyatlarını rahat davam etdirmələri üçün konkret təkliflərimiz var. Yeri gəlmişkən, həmin konkret təkliflərin üzərində də müəyyən çalışmalar aparıla bilər. Bu təkliflərdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin iqtisadi və sosial problemlərinin həllindən tutmuş torpaqların birgə becərilməsinə qədər qeyri-siyasi məsələlər müzakirə oluna bilər”.
Səxavət HƏMİD