Xarici işlər naziri Elmar Məmmədyarov bu gün NATO-nun mənzil-qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan və NATO üzv dövlətləri arasında Sülh Naminə Tərəfdaşlıq üzrə çərçivə sənədi və Avro-Atlantika Tərəfdaşlıq Şurasının əsas sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edərək, Azərbaycanın fəal surətdə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak etdiyini qeyd edib.
NATO ilə əməkdaşlığın ölkəmizin hərbi və təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynadığını deyən E.Məmmədyarov Azərbaycan zabitlərinin bu gün alyansın qərargahlarında da xidmət etdiyini bildirib.
Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün NATO ölkələri ilə birlikdə Kosovo əməliyyatına (KFOR) və Əfqanıstanda İSAF və Qətiyyətli Dəstək missiyalarına töhfə verdiyini qeyd edən nazir Azərbaycanın Əfqanıstanla ikitərəfli əsasda da əlaqələrinin inkişafı barədə məlumat verib.
E.Məmmədyarov bir çox NATO üzv dövlətləri ilə birlikdə Azərbaycanın TANAP və TAP qaz kəməri layihələrini icra etdiyini qeyd edərək NATO-da Azərbaycanın sədrlik etdiyi işçi qrup çərçivəsində xüsusi əhəmiyyətli infrastrukturun qorunmasına dair müntəzəm seminarların praktiki əhəmiyyətini vurğulayıb.
Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan nazir əlavə edib ki, 20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın qanunsuz işğalı altındadır və işğal olunmuş ərazilərdə bir milyondan artıq soydaşımız qanlı etnik təmizləməyə məruz qalıb.
Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı məlumat verən E.Məmmədyarov işğal faktına əsaslanan status-kvo-nun gərginlik mənbəyi olmaqda davam etdiyini vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən E.Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb: “Mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi, iyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik”.
Ermənistanın Azərbaycanı “çirkli bombalar”la hədələməsi, kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi barədə məlumat verən E.Məmmədyarov rəsmi Yerevanın danışıqlar prosesinə yenə də xələl vurmaq siyasəti yürütdüyünü bildirib.
Nazir Ermənistanın BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun olaraq, digər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etmək və ona qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək kimi öhdəliklər götürdüyünü xatırladaraq, Ermənistandan məhz buna əməl etməyi və beynəlxalq ictimaiyyətdən də bunu tələb etməyi gözlədiyimizi vurğulayıb.
E.Məmmədyarov NATO-nun öz zirvə toplantılarının yekun bəyanatlarda bu məsələyə münasibətdə ifadə olunan qəti və ardıcıl mövqeyin yüksək qiymətləndirildiyini deyib.
İclas əsnasında NATO üzv dövlətlərinin Şimali Atlantika Şurasında təmsil olunan daimi nümayəndələri çıxış ediblər. E.Məmmədyarov NATO üzv dövlətlərinin nümayəndələrinin suallarını cavablandırıb.
Səxavət