“Uşaqlıqda qazandığım təcrübə məni sağ yönümlü etdi”
Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar uşaqlıq xatirəsini bölüşüb
Teleqraf.com-un məlumatına görə, Erkin Qədirli qeyd edib ki, uşaqlığından qalmış xatirələr ona həm hüququ anlamağa, həm də siyasətdə ideoloji yönümü tutmağa yardımçı olub və olmaqda davam edir: “Sovet dönəmindəki uşaq illərində biz saqqız kağızlarını yığırdıq, bizim nəsildə belə bir azar vardı. Təbii ki, nə gəldi yığmırdıq, çox az tapılan xarici saqqızların üz kağızlarını toplayırdıq – “Donald Duck”, “Mickey Mouse”, “Lölek-Bolek”.
Bunlardan bizim üçün ən dəyərlisi “Donald Duck” idi. Çünki ən az tapılanı o idi. Bizə o vaxtlar o yaşımızda heç kəs, nə valideynlər, nə müəllimlər qıtlığın qiymətə təsiri haqqında nəsə öyrətmişdi. “Azlıq-bahalıq” düsturunu biz intuitiv kəşf etmişdik. Söhbət saqqızdan yox, onun üz kağızından gedir, üzərində şəkillər vardı, saqqızın özü bizi maraqlandırmırdı. Çox vaxt kağızını götürüb, saqqızı başqasına verirdik. Bizim üçün həmin kağızlar pul ekvivalenti olub.
Onları verib, yerinə başqa bir nəsə ala, ya da kirayələyə bilirdik. Məsələn, bir ya da bir neçə belə kağızı verib, kimdənsə bir neçə saatlıq top alıb futbol oynaya bilirdik. Ya da kağızların özlərini dəyişirdik. Məsələn, bir “Donald Duck” kağızı almaq üçün üç “Mickey Mouse” ya da 5 “Lölek-Bolek” kağızı vermək lazım gəlirdi. “Lölek-Bolek” kağızını tapmaq nisbətən hamısından daha asan olurdu, ona görə də onun mübadilədə dəyəri az idi. Çox fərqli, varlı, kasıb, savadlı, savadsız ailələrdən olan biz məhəllədə asanlıqla həmin kağızlar vasitəsilə çeşidli anlaşmalara gələ, mübadilələr apara bilirdik”.
Onun sözlərinə görə, bu uşaqlıq təcrübəsi sonrakı illərdə aldığı kitab bilikləri ilə yanaşı siyasətdə sağ yönümlü olmağa yardımçı olub: “Pul, indiki formasında olmasa da, həmişə olub. Ən primitiv topluluqlarda belə nəyisə nəyəsə dəyişmək ehtiyacı yaranıb və dəyiş-düyüşü asanlaşdırmaq üçün insanlar həmişə bir ekvivalent tapa biliblər. Pul ideyası insanların öz aralarında olan münasibətləri, eləcə də maddi dünyanı, özəlliklə mülkiyyəti, qavramaq üçün çox önəmlidir. Pul yalnız azad dövriyyədə olanda ekvivalent rolunu oyanaya bilir. Pul, azad dövriyyədədirsə insanları bərabərləşdirir. Təbii ki, maddi anlamda deyil. Pulun bərabərləşdirici təsiri onun görüşdürücü gücündədir. Pul insanların arasında silki ya da başqa pərdələri götürür. Feodalizmin çökməsi və kapitalizmin yaranması həm də buna görə mümkün ola bilib”.
Kəmalə