8 İyun 2016 15:20
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xanım Merkel mətbuat konfransında Almaniyanın mövqeyini bir daha təsdiqlədi. Almaniya da Avropa Birliyi kimi hesab edir ki, bu münaqişə danışıqlar, sülh yolu ilə həll edilməli, beynəlxalq hüquq normalarına əməl olunmalıdır. Yəni ki, Merkelin çıxışında yeni bir fikir ifadə olunmadı. Amma hər halda şübhə etmirəm ki, xanım Merkel söhbətin Azərbaycanın işğal olunmuş torpaqlarından getdiyini çox yaxşı, dəqiq başa düşür”.

Bunu Teleqraf.com-a açıqlamasında Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

A.Merkelin Qarabağ münaqişəsinin həllində açar dövlətin Rusiya olması fikrinə münasibət bildirən F.Sadıqov qeyd edib ki, bu ifadədə iki məqsəd, iki amil görünür: “Birincisi, düzdür, Cənubi Qafqazda Rusiya aparıcı oyunçu kimi həlledici rol oynayır. Ermənistanın müttəfiqi, Azərbaycanın strateji tərəfdaşı kimi Rusiya münaqişənin həllində maraqlı tərəf kimi çıxış edir. Bunu hətta Brüsseldə Avropa İttifaqı səviyyəsində də bir sıra rəsmilər dilə gətiriblər. Azərbaycan da bunu təsdiqlədi. Prezident İlham Əliyev Berlində bildirdi ki, Rusiya, həqiqətən də, bu məsələdə müsbət rol oynaya bilər.

İkinci amilə gəldikdə isə, Avropanın Rusiyanın rolunu qiymətləndirməsi heç də o demək deyil ki, Azərbaycan Rusiyanın əhatə dairəsinə daxil olmalı, Avropa ilə münasibətlərini kəsməli və ancaq Rusiya ilə münasibətləri genişləndirməlidir. Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri də bunun təsdiqidir. Yəni, baxmayaraq ki, biz Rusiya ilə strateji tərəfdaşıq, amma Almaniya ilə də münasibətlərimiz sıxdır və bunu daha da inkişaf etdirməyə hazırıq”.

İyunun 2-də Almaniya Bundestaqında qəbul olunan qondarma erməni soyqırımının tanınması barədə qətnamə layihəsinə toxunan F.Sadıqov deyib ki, Bundestaqda belə bir sənədin qəbul olunması heç nə demək deyil: “Birincisi, bu, əslində boş bir kağız parçasıdır. İkincisi, Bundestaqın özündə və Almaniya siyasi qüvvələri arasında kifayət qədər ermənipərəst qüvvələr var. Üçüncüsü, rəsmi Berlinin Dağlıq Qarabağ probleminə münasibəti kifayət qədər fərqlidir. Rəsmilər hesab edirlər ki, deputatlar bunu qəbul edə bilər, amma rəsmi Berlin Türkiyə ilə münasibətləri pozmaq fikrində deyil. Hətta, Merkel bunu qeyd etdi.

Və nəhayət, Türkiyə bizə qardaş, strateji müttəfiq dövlətdir. Təbii ki, biz həmişə Türkiyənin yanında olmuşuq və Türkiyə də bizim yanımızda olub. Amma bu, heç də o demək deyil ki, hər birimizin xüsusi, ayrıca prioritetlərimiz olmasın. Bizim xarici siyasətimizdə müəyyən prioritetlər var, ola bilsin ki, müəyyən, hansısa bir məqamda üst-üstə düşməyən anlar var. Bunu nəzərə almaq lazımdır. Amma bu o demək deyil ki, biz buna razıyıq. Təbii ki, biz etirazımızı da bildirmişik. Bu o demək deyil ki, biz Almaniya ilə münasibətlərimizi qırmalı, münasibətlər korlanmalıdır. Biz həm beynəlxalq münasibətlər sistemində, həm də ikitərəfli əlaqələr formatında kifayət qədər müstəqil siyasət aparırıq. Bizim öz prioritetlərimiz var və qondarma erməni soyqırımı ilə bağlı qətnaməni pisləyərək eyni zamanda iqtisadi, siyasi və digər istiqamətlərdə Azərbaycan-Almaniya münasibətlərinin inkişafında maraqlıyıq. Özü də təkcə biz yox, Almaniya da bunda maraqlıdır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər