“Rio-2016” Yay Olimpiya Oyunlarının son günü qalmaqalla yadda qalıb.
AZƏRTAC xəbər verir ki, sərbəst güləş yarışlarında bürünc medal uğrunda görüşdə xalça üzərinə çıxan Monqolustan təmsilçisi Mandaxnaran Qandzoriçlə (65 kq) özbəkistanlı idmançı İxtiyar Novruzovun mübarizəsi qalmaqalla başa çatıb.
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Hicran Şərifovun idarə etdiyi görüşün son saniyələrində 7:6 hesabı ilə öndə olan monqolustanlı idmançı rəqibin qarşısından qaçdığı üçün hakimlər tərəfindən cəzalandırılıb. Nəticədə, bir xal Özbəkistan atletinə verilib. Hesabın bərabərləşməsi ilə birlikdə son xalı alan İ.Novruzov qalib elan olunub.
Buna isə monqolustanlı güləşçinin məşqçiləri kəskin və özünəməxsus şəkildə etiraz ediblər. Hakimlər stolunun qarşısında paltarlarını, ayaqqabılarını soyunan və tanınma lövhələrini boyunlarından çıxarıb yerə atan monqolustanlı məşqçilər hakimlərin qərarına bu yolla etiraz ediblər. Ancaq onların cəhdləri bir nəticə verməyib. Əksinə, özbək güləşçiyə daha bir xal verilərək 8:7 hesablı qələbəsi rəsmiləşdirilib.