“Dnepr”in yarımmüdafiəçisi Sergey Kravçenko azərbaycanlı FİFA referisi Rəhim Həsənovdan narazılığı bildirib.
Qol.az-ın xəbərinə görə, Ukrayna mətbuatına müsahibəsində o, bugünlərdə Antalyada Zaqreb “Dinamo”suna qarşı keçirilən oyunda (1:3) qırmızı vərəqə almasına toxunub və hakimə etiraz etiraz edib.
Peşəkar Futbol Liqasının saytı matçdan öncə xəbər yayıb ki, “Dinamo” – “Dnepr” görüşünü Rəhim Həsənovun başçılıq etdiyi azərbaycanlı hakimlər briqadası idarə edəcək.
“Özümə haqq qazandırmıram, günahkaram. Amma hakim özünü bu epizodda çox prinsipial apardı. Onunla razılaşmadığım üçün sarı vərəqə göstərdi, ikinci sarını isə mənə yüngül nalayiq ifadəmə görə “verdi”. Təlim-məşq toplanışlarında belə təcrübədən istifadə edilmir. Amma Azərbaycandan olan hakimin formasının üzərində FİFA emblemi olduğundan görünür o, özünü dünyanın mərkəzi saydı. Hətta rəqib “Dinamo”nun futbolçuları belə bu vəziyyətdə hakimdən ikinci sarını göstərməməyi xahiş etdi. Mən komandamın uduzmasına səbəb oldum. Çünki son 20 dəqiqəni komandam 10 nəfərlə oynadı. Təəssüflənirəm. Amma yaxşı ki, bu, təlim-məşq toplanışında baş verdi. Özüm də bilirəm ki, hakimlərlə mübahisə etmək olmaz”.
Qeyd edək ki, S.Kravçenko 2005-ci ildə "Qarabağ"da oynayıb.