Ötən bazar günü Qalatasaraylı gənc dostum İsmayıl Əlizadə haqq bildiyim yoldan məni döndərmək üçün Qalatasaray muzeyinə getməyi təklif etdi.
Mən də bir günlük təqiyyə edib bu təklifi qəbul etdim, insana yaşama sevinci bəxş edən bahar havasında İstanbulun İstiqlal caddəsində yerləşən muzeyə getdik.
Muzeydə məni nələrin gözlədiyini az-çox təsəvvür edirdim, xüsusən də, bir kubok var ki, bizlər onu öz komandamızın – yəni Fənərbaxçanın futbolçularının əlində görə bilməmişik...
Nə etmək olar, bu da lövhi-məhfuzda yazılan bir hadisədir, necə ki, həmin şəxslər illərdir Kadıköy meydanında hüzünlü çöhrə ilə evlərinə dönürlər.
Muzeyə girəndə ilk gördüyümüz Qalatasarayın qazandığı birinci kubok oldu. 31 yanvar 1909-cu ildə, yəni 108 il bundan öncə Qalatasaray, Kadıköy komandasını 4:0 məğlub edərək “Union Club Kupası”nı qazanıb.
Birinci salonu daha sonra gəzmək qərarı alaraq muzeyin ən dəyərli eksponatını görmək üçün səbirsizlənirik.
Budur, 2000-ci ildə, yeni əsrin astanasında bir Türk futbol komandasının Avropada yazdığı tarixin nəticəsi qarşımızdadır. Gənc dostum heyranlıqla kuboku izləyir, həyəcanla hər tərəfinə baxmağa çalışır. Bu kubok gənc dostumla yaşıddır. Mən isə o tarixi anlar yaşandığında orta məktəbdə təhsil alırdım, indi xəyal kimi xatırlayıram.
Salnaməçilərin yazdığına görə, 17 may 2000-ci ildə Danimarkanın paytaxtı Kopenhagenin Parken stadionunda UEFA kubokunun final matçı oynanılır. Final üçün Adidas firmasının Tricolore topu tərcih edilir.
Türkiyə komandası ilə İngiltərə komandası Arsenal arasında yaşanan bu cəngdə hesab açılmır. Penalti zərbələrində Qalatasaray 4:1 hesabı ilə qalib gələrək Avropaya bayrağını sanca bilir. Qalibiyyət gətirən sonuncu penalti vuruşu Gheorghe Popescudan gəlir. Komandanın kapitanı Bülent Korkmaza kuboku o zamankı UEFA başkanı Lennart Johansson təqdim edir.
Muzeydə həmin dönəmə aid “Hürriyyət” qəzetinin manşeti də sərgilənir. Manşetdə sevincindən nə etdiyini bilməyən Hakan Şükür sonralar millət vəkili olur...
(UEFA kuboku ilə bərabər sərgilənən digər kubok və butsinin sahibi haqqında isə videoda bilgi verilib)
Bu salonda o qədər kubok var ki, otaq işıq saçır. Kubokların yanında Qalatasarayın qurucularından, futbolçu Ali Sami Yenin (1886-1951) heykəli var. Salonların divarlarında Ali Sami Yenin Qalatasarayın tarixi ilə bağlı yazdığı qeydlər və eləcə də, futbol klubunun formasının rəngləri ilə bağlı bilgilər verilib. Aşağıda təqdim etdiyimiz fotolarda bu bilgiləri görəcəyinizə görə yazmırıq.
Muzeydə hər kubokun altında hansı oyunda əldə edilməsi barədə bilgilər verilib. Eləcə də, divarlarda keçmiş dönəmlərin futbolçularının, komandanın idarəçilərinin fotoları, müxtəlif kitabçalar, imzalı formalar təqdim olunub.
Digər bir salonda isə Qalatasarayın əfsanəvi futbolçusu Metin Oktayın heykəli var.
Qalatasaray komandasının necə yaranması, hansı mərhələlərdən keçməsi barədə yazmağa gərək görmürəm. Futbolla maraqlananlar üçün bunlar bilinən məlumatlardır. Amma muzeydə verilmiş bir siyahı çox marağımı çəkdi, onu bölüşməyi istədim. Belə ki, “Savaş illəri” adlı tabloda verilən məlumatda 1896-1897-ci il təvəllüdlü futbolçuların Vətənin müdafiəsində göstərdiyi şücaətlərdən bəhs edilir. Siyahıda ilk yazılan ad budur: Abdurrahman Robenson – Qalatasaraylı idmançıların kapitanı, izçilərin rəhbəri, Balkan müharibəsində şəhid olub.
Daha sonra isə Balkan savaşına qatılan onlarla Qalatasaraylı idmançının adı qeyd olunur.
Salonu tərk etmək istəyərkən İsmayıl yenidən UEFA kubokuna baxmaq istədiyini dedi. Yenidən biz Fənərlilərə gözdağı olan o kuboku izlədim...
Muzeydən çıxdıqdan sonra kubokların təsiri altında qaldığımı etiraf etməliyəm. İsmayılın “gəl, keç biz tərəfə” deməsi ilə xəyaldan ayrıldım, üzümü qamaşdıran gün işığına baxıb dərindən köks ötürdüm...
Dilqəm ƏHMƏD
Foto/Video İsmayıl Əlizadə