Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Eriş Yaprak deyib.
O, Azərbaycanda idmana böyük diqqət və qayğının olduğunu bildirib: "Azərbaycanı çox sevirəm. Baxmayaraq ki, Türkiyə də bu oyunlarda təmsil olunurdu, mən Azərbaycan idmançısı kimi yarışlara qatıldım. Bu yarışda finalda Türkiyə təmsilçisi ilə qarşılaşdım və qalib gəldim. Rəqiblərim çox güclü olsa da, özümə inamım mənə qələbə qazandırdı. Gələcəkdə də keçirilən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəyəm".
E. Yaprak qeyd edib ki, Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil edilib və idmançılara xüsusi diqqət göstərilir.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.