Azərbaycan millisinin Osloda Norveç yığması ilə keçirdiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçını canlı izləmiş AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "sportnet.az saytına müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edir.
- Milli komandanın Norveçə 0:2 hesabı ilə uduzduğu səfər oyunu sizdə necə təsir bağışladı?
- Hamımız uğurlu nəticə gözləyirdik. Millinin son oyunları buna imkan verirdi ki, gələcəyə ümidlə baxaq. Çox prinsipial oyun idi, komandamız qrupda 2-3-cü yeri tutmaq üçün Oslodan mütləq xallla qayıtmalı idi. Mən oyundan əvvəl də bildirmişdim ki, səhv etməsək, uğurlu nəticə əldə etmək mümkündür. Rəqibin səhvlərindən istifadə etsəydik, qələbə də qazanmaq olardı. Ancaq çox heyf ki, səhv edən tərəf biz olduq və komanda bunun ucbatından məğlubiyyətlə barışmalı oldu. Bərabər səviyyəli oyunlarda kim birinci səhv edirsə, o da məğlub olur ki, bu da bizim milliyə baha başa gəldi.
- Bərabər səviyyəli oyun dediniz. Ancaq biz bunu yalnız ikinci hissədə qismən görə bildik. İlk yarıda demək olar ki, Azərbaycan millisinin futbolçuları heç dəqiq ötürmə də verə bilmirdi...
- Yox, mən belə deməzdim. 32-ci dəqiqəyə qədər demək olar ki, rəqibdə heç bir qol imkanı yox idi. Komandamız nəticəyə yönəlmiş, praqmatik futbol oynayırdı. Cərimə meydançasında etdiyimiz səhvdən sonra qol buraxdıq və bundan sonra da komanda meydanda dəyişiklik etməyə çalışdı. İkinci hissədə tam fərqli oyun nümayiş etdirdik. Xeyli qol epizodları yarandı ki, bundan da istifadə edən məhz Norveç yığması oldu.
- Millinin oyunu niyə belə məyusedici oldu?
- Sizinlə tamamilə razıyam. Bizim ümidlərimiz çox böyük idi. Çox təəssüf ki, komandamızın ilk 3 oyundakı kimi istəkli olmasını görə bilmədik. Çox heyf. Həm də bir tərəfdən "Qarabağ"ın qazandığı böyük uğur, bu komandanın futbolçularının əksəriyyətinin millinin heyətində olması imkan verirdi ki, oyuna ümidlə baxaq. Psixoloji baxımdan da futbolçularda böyük üstünlük vardı. Qalibiyyət psixologiyası yaranmışdı. Ancaq heyf ki, oyunda tam başqa mənzərənin şahidi olduq və siz demiş, ayrı-ayrı hissələri gördük. Bir hissədə sırf müdafiəyə qapanan komanda meydanda idi, ikinci hissədə də hücumlarının kəsərini artıran, lakin yaranan qol epizodlarını reallaşdıra bilməyən komanda. Yəni, bir sözlə, yığmanın bu oyununda xeyli problemlərinin şahidi olduq və hesab edirəm ki, gələcəkdə bunu aradan götürmək üün yığmamız öz üzərində xeyli, xeyli və xeyli işləməli olacaq.
- Prosineçkinin müəmmalı davranışları, millinin düşərgəsinə oyuna cəmi 3 gün qalmış qoşulması, klubların Avrokubok oyunlarını izləməməsi kimi amillər milli komandanın oyunçularına necə təsir etmişdi?
- İstəmirəm ki, kiminsə fəaliyyətinə arxadan qiymət verim. Ancaq komanda işində böyük uğura imza atmaq üçün xırda məqamları da boş buraxmaq olmaz. Sadaladıqlarınız isə ümumiyyətlə, xırda amil sayılmır. Bu gün hər bir amil millinin oyununa təsirsiz keçinmir. Hesab etmək olar ki, bu amillər yığmanın oyununda öz rolunu oynadı. Ancaq mən bütün günahı sırf Prosineçkinin davranışlarına yönəltmək istəməzdim. Bu gün bizim yığmamız, yığmada çıxış edən futbolçularımız var və onlar dərk edirlər ki, nə üçün meydançaya çıxırlar. Allah elə bir şans yaratmışdı ki, millimiz Osloda qələbə qazanmaqla yeni tarixi səhifə aça bilərdi. Ancaq bu, baş tutmadı. Ümidliyik ki, bundan sonra yol verdiyi səhvlərdən nəticə çıxaran bir milli komanda görəcəyik.
- Sabah San Marinonu məğlub edəcəyi təqdirdə, millimiz seçmə qrup mərhələlər tarixində ilk dəfə 10 xal qazanacaq. Ancaq bu xallardan 6-sı San Marino üzərində qazanılan 2 qələbə hesabına olacaq. Belədə bunu tarixi uğur adlandırmaq olar?
- Mən hesab edirəm ki, tarix tarixdir. Bu gün Avropada zəif çıxış edən ölkə yoxdur. İstər Çexiya olsun, istər San Marino, istərsə də digərləri. Tarixə imza ata-ata biz yolumuza davam edirik və San Marinodan sonra Çexiya ilə oyunda da uğurlu nəticə əldə edəcəyik. İnanıram ki, bu qələbə də bizə qrupda ən azı 3-cü yeri təmin etməyə imkan verəcək. Ancaq bunun üçün də ilk olaraq, xeyli çalışmaq lazımdır. Nə San Marinoya, nə də Çexiyaya yuxarıdan-aşağı baxmaq, nə də hansısa komanda ilə oyunda özünü qabaqcadan məğlub kimi göstərmək lazımdır. Hesab edirəm ki, biz futbol oynamaq bacarığımızı əvvəlki oyunlarda göstərmişik. İnanıram ki, bunun davamını növbəti görüşlərdə gətirməklə tarix yazacağıq. Necə deyərlər: yazılanı pozmaq mümkün deyil. Sabahkı oyunda qələbə bizim üçün bir ilk olacaq. İndiyədək heç vaxt 10 xala sahib olmamışıq və bu xalları qazanaraq, pillə-pillə yuxarı qalxaraq azarkeşlərin ümidlərini doğrultmağa çalışacağıq