25 Aprel 2014 12:34
2 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brazilyada keçiriləcək dünya çempionatı yaxınlaşır. Planetin bütün futbol azarkeşlərinin diqqətinin mundiala yönələcəyini nəzərə alan Teleqraf.com saytı “Mundial səyahəti” layihəsi çərçivəsində oxuculara dünya çempionatlarının tarixi ilə bağlı yazılar təqdim edir.

Növbəti yazı 1966-ci ildə İngiltərədə keçirilmiş 8-ci dünya dünya çempionatına həsr olunub.

SSRİ Franko rejimini necə yıxdı?

Səkkizinci dünya çempionatının ev sahibi İspaniya olmalı idi. Ancaq Franko rejimi onu əldə etmək səylərində həddi keçdi. Pireneylilər FİFA bosslarını növbəti konqresi Madriddə keçirməyə az qala məcbur etməyə çalışmış, ultimatum tipli çıxışlar etmişdilər. Frankonun AÇ-64-də öz ölkəsinin SSRİ ilə görüşünə qadağa qoyması da öz təsirini göstərmişdi.

Məhz SSRİ Futbol Federasiyasının sədri və FİFA-nın vitse-prezidenti olan Valentin Qranatkin İspaniyanın namizədliyinə qarşı çıxan kampaniyanın təşəbbüskarı idi. FİFA-nın yeni başqanı, ingilis Stenli Rouz və digər nümayəndələr də bu təklifə müsbət yanaşdılar. Özü də bu qərar Madrid əvəzinə Romada keçirilən konqresdə qəbul edilmişdi. Elə ordaca razılaşdırıldı ki, DÇ İngiltərədə keçirilsin. “Dumanlı Albion” sadə səsvermədə say çoxluğu qazanaraq Almaniyanı qabaqladı.

Helmut Şönün nostradamusluğu

Final mərhələsinin püşkatması Londonun möhtəşəm “Royal Qarden” mehmanxanasında keçirildi. Qruplarda komandaların sayı bərabər olmadı. İtalyanlar püşkdən razı qalmışdılar. Bakılı Anatoli Banişevskinin də şərəfini qoruduğu SSRİ yığmasının baş məşqçisi Nikolay Morozov da komandasını qrupda birinci olmağa çağırırdı:

“İkinci yeri tutsaq, Braziliyayla düşəcəyik. Onlar isə titula ən yaxın komandadı, favoritdilər”.

Macarların baş məşqçisi Layoş Barotti başqa fikirdə idi. O, öz komandası üçün ən böyük təhlükəni portuqaliyalıların qismində görürdü. Müəllimi Herbergeri əvəzləyən bundesməşqçi Helmut Şön isə az qala Nostradamusluq edərək demişdi: “Əminəm ki, braziliyalılar “Dumanlı Albion”da əvvəlki birinciliklərdəki kimi yaxşı çıxış edə bilməyəcəklər. Məncə, bu dəfə uğur Avropa futbolu təmsilçilərinin tərəfində olacaq”.

Pele hücuma məruz qaldı, söz verdi

Belə də oldu. Braziliyanın yenilgisi çempionatın ən böyük sürprizlərindən birinə çevrildi. Feolanın yetirmələri cəmi bir qələbə qazandılar. Onu da bolqarlar üzərində. Ancaq Jeçev tərəfindən kobudluqla hücum edilən Peleni itirdilər. Liderin yoxluğunda komanda macarlara uduzdu. Portuqaliyalılarla matçda geri dönən futbolun kralı isə Visente və Moraiş tərəfindən hücuma məruz qaldı. Pele bundan sonra dünya çempionatlarında iştirak etməmyə sözü verdi.

İngiltərə yığmasını isə əvvəlcə heç kim ciddiyə almırdı. Alf Ramseyin komandasının oyunu alınmır, nəticələr sevindirmir, optimal heyət formalaşmırdı. Ölkənin ən tanınmış yazarlarından biri olan Erik Betti hirslənmişdi: “İndi, DÇ-nin astansında olduğumuz müddətdə, biz son hədəfə elə üç il əvvəl olduğu kimi uzağıq. Qaçışçılar, çalışqanlar və “əyriayaqlar”dan formalaşan yığmanın dünya səviyyəli komanda olacağına inanmaq ağılsızlıqdı. Biz dalana dirənəcək yolla gedirik”.

Ramsey isə “Əvvəlcədən hazırladığım plandan imtina etmək fikrim yoxdu. Pley-off mərhələsində o öz işini görəcək. Rəqib nə qədər güclü olsa, biz bir o qədər yaxşı oynayacağıq” deyirdi. Argentina ilə 1/4 final məşqçinin fikrini qismən doğrultdu. Portuqaliya ilə yarımfinal isə bütün mənfi fikirləri alt-üst etdi. İngilislər meydanda az qala uçurdular, cinahlar bütün gücüylə çalışırdı, Staylz Eysebionu yoxa çıxarmışdı, Bobbi Çarlton isə nəinki öz komandasını irəli aparırdı, həm də rəqib qapısına vurulan hər iki qolun müəllifi oldu. Britaniyalıların intibahı onları möhkəm və yaxşı qurulmuş Qərbi Almaniya ilə finalın da favoritinə çevirirdi.

Bəhramovun qərarı, oğurluq və Banişevski

Ancaq Londondakı final yalnız rəqiblərin qarşılıqlı gözəl oyunu yox, həm də hakim qərarı ilə yadda qaldı. Azərbaycan futbolu tarixinin ən böyük nümayəndəsi olan Tofiq Bəhramovun verdiyi qərar hələ də müzakirə olunur. Təcrübəli hakimimiz Herstin zərbəsindən sonra topun qapı xəttini keçdiyini görərək baş hakim Dinstə məlumat vermişdi. “Qol var idi, yox idi” sualı ətrafında müzakirələr isə indiyə qədər də davam edir. Ancaq ingilislərin qələbəsinə şübhə yox idi. Bu komanda gücünü bütün dünyaya qəbul etdirməyi bacarmışdı.

İngiltərədəki dünya çempionatı başqa nə ilə yadda qaldı? Hətta qrupdan belə çıxa bilməyən, həlledici oyunda KXDR-li həvəskarlara yenilən italyanların fiaskosu, başda çempionatın bombardiri Eysebio olmaqla portuqaliyalıların yüksəlişi, SSRİ yığmasının sovet futbolu tarixindəki ən yaxşı çıxışı ilə. Azərbaycan üçün isə həm də Anatoli Banişevskinin fantastik çıxışı ilə. İngiltərə kraliçasının Tolyaya dediyi sözləri xatırlayaq:

“Bakı nefti SSRİ üçün nə qədər önəmlidirsə, sizin də oyununuz komandanız üçün bir o qədər önəmlidi”.

Hə, bir də bütün London polisini ayaq üstə saxlayan “Qızıl ilahə”nin oğurlanması ilə yadda qaldı 1966-cı il Mundialı.

Final mərhələsi. 11-30 iyul

16 komanda dörd qrupda mübarizə apardıqdan sonra hər qrupdan iki qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.

32 oyun, 1614677 tamaşaçı (orta hesabla hər oyunda 50459)

89 qol (orta hesabla hər oyunda 2,78)

Ən yaxşı futbolçu - Çarlton (İngiltərə), Eysebio (Portuqaliya)

Bombardir: Eysebio (Portuqaliya) - 9.

Qrup 1

1.İngiltərə 3 2 1 0 4-0 5

2.Uruqvay 3 1 2 0 2-1 4

3.Meksika 3 0 2 1 1-3 2

4.Fransa 3 0 1 2 2-5 1

Qrup 2

1.Q.Almaniya 3 2 1 0 7-1 5

2.Argentina 3 2 1 0 4-1 5

3.İspaniya 3 1 0 2 4-5 2

4.İsveçrə 3 0 0 3 1-9 0

Qrup 3

1.Portuqaliya 3 3 0 0 9-2 6

2.Macarıstan 3 2 0 1 7-5 4

3.Braziliya 3 1 0 2 4-6 2

4.Bolqarıstan 3 0 0 3 1-8 0

Qrup 4

1.SSRİ 3 3 0 0 6-1 6

2.Ş. Koreya 3 1 1 1 2-4 3

3.İtaliya 3 1 0 2 2-2 2

4.Çili 3 0 1 2 2-5 1

Bütün oyunlar

1. İngiltərə - Uruqvay 0:0

2. Qərbi Almaniya - İsveçrə 5:0

3. Braziliya - Bolqarıstan 2:0

4. SSRİ - Şimali Koreya 3:0

5. Fransa - Meksika 1:1

6. Argentina - İspaniya 2:1

7. Portuqaliya - Macarıstan 3:1

8. İtaliya - Çili 2:0

9. Uruqvay - Fransa 2:1

10. İspaniya - İsveçrə 2:1

11. Macarıstan - Braziliya 3:1

12. Şimali Koreya - Çili 1:1

13. İngiltərə - Meksika 2:0

14. Qərbi Almaniya - Argentina 0:0

15. Portuqaliya - Bolqarıstan 3:0

16. SSRİ - İtaliya 1:0

17. Uruqvay - Meksika 0:0

18. Argentina - İsveçrə 2:0

19. Portuqaliya - Braziliya 3:1

20. Şimali Koreya - İtaliya 1:0

21. İngiltərə - Fransa 2:0

22. Qərbi Almaniya - İspaniya 2:1

23. Macarıstan - Bolqarıstan 3:1

24. SSRİ - Çili 2:1

25. SSRİ - Macarıstan 2:1

26. Qərbi Almaniya - Uruqvay 4:0

27. Portuqaliya - Şimali Koreya 5:3

28. İngiltərə - Argentina 1:0

29. Qərbi Almaniya - SSRİ 2:1

30. İngiltərə - Portuqaliya 2:1

31. Portuqaliya - SSRİ 2:1

32. İngiltərə - Qərbi Almaniya 4:2, əlavə vaxtda

Natiq


Müəllif:

Oxşar xəbərlər