2 Dekabr 2018 19:28
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” Peşəkar Futbol Klubu olaraq bəyan edirik ki, Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Sabah” – “Neftçi” oyununda rəqib komandanın rəhbər heyətini və üzvlərini təhqir edən bir neçə şəxs bütün “Neftçi” azarkeşlərini təmsil etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda deyilir.

Bildirilir ki, komandanın minlərlə azarkeş ordusu hər zaman klubuna sadiqliyi ilə, onun ağır günündə belə yanında olmaqla seçilən fanatlardır.

“Onlar daima meydanda rəqibə hörmətlə yanaşıblar və yalnız öz futbolçularını qələbəyə səsləyiblər. “Neftçi” ailəsi olaraq, dünən meydandan kənarda baş verən bu cür aqressiv hərəkətlərə görə təəssüf edirik və bütün azarkeşləri idman prinsiplərinin əsası olan rəqibə hörmətlə yanaşmağa çağırırıq”, - bəyanatda vurğulanıb.

Məlumatda qeyd edilir ki, “Neftçi” PFK stadionlarda bütün qeyri-peşəkar addımlara, aqressiv təcavüzün yaranmasına qarşıdır. Bu cür davranış, ilk növbədə, komandanın imicinə zərbə vurur və bütün bunlar kluba müəyyən sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər.

“Neftçi” azarkeşlərinin meydanda nə baş verdiyindən asılı olmayaraq, təcavüzkar davranışlardan uzaq qalmağa çağırırıq. Onları Azərbaycanın ilk peşəkar futbol klubu olaraq, daima sadiq olduğumuz ən yüksək standartlara və davranış normalarına riayət etməyə səsləyirik.

“Neftçi” PFK hər zaman tribunalara mümkün qədər çox insanı, o cümlədən xanımları və uşaqları cəlb etmək üçün hər cür cəhdləri dəstəkləyib və klub olaraq bu istiqamətdə də əməli addımlar atmaqda davam edirik. Azərbaycan xalqının adət-ənənələrini nəzərə almaqla, oyunlar zamanı tribunalarda istənilən təhqirə, söyüşə qarşı olduğumuzu bəyan edirik və ilk növbədə də azarkeşlərimizi “Neftçi” üçün buna əməl etməyə dəvət edirik”, bəyanatda deyilir.

Bəyan olunur ki, “Neftçi” PFK olaraq, AFFA-nın İntizam Komitəsinin qərarını gözləmədən, dünənki oyunda “Əlincə Arena”ya bizim azarkeşlər tərəfindən dəymiş zərəri qarşılamağa hazırdırlar. Eyni zamanda, fanatlara müraciət edərək, sevimli klublarını bu cür əlavə xərclərə əsas yaratmamağa dəvət ediblər.

“Əks təqdirdə, “Neftçi”yə bu cür ziyan vuran şəxslərə qarşı qanun çərçivəsində addımların atılmasını tələb edəcəyik.

Oyun ərzində futbolçularımızın və klub nümayəndələrinin qeyri-obyektiv qərarlara qarşı reaksiyasının anlayışla qarşılanmasını, “Neftçi” rəhbərliyinin sakit bir şəkildə, reqlament çərçivəsində addımlar atdığını bəyan edirik. Artıq müvafiq strukturlara müraciət edilib, onlardan obyektiv və qərəzsiz qərarlar gözləyirik”, - klubdan bildiriblər.

Qeyd edək ki, oyun “Neftçi”nin 2:1 qalibiyyəti ilə başa çatıb. Oyunda hakim üç qırmızı vərəqə göstərib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər