Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ilk yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək.
Bu barədə AzVİF-in mətbuat katibi Pərviz Musayev məlumat verib. O bildirib ki, turnir gələn həftəsonu - iyunun 6-da və ya 7-də olacaq.
Musayev yarışın Respublika Velotrekində təşkilinin mümkünlüyünü vurğulayıb: "Bunun trek və ya şose yarışı olacağına sabah aydınlıq gələcək. Yarışı Velotrekdə də, Veloparkda da keçirə bilərik. Amma həftəsonuna yarışın olacağı dəqiqdir. Əsas məqsəd ondan ibarətdir ki, karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini görək. Biz onlara velosiped və digər avadanlıqlar vermişdik ki, ev şəraitində formalarını saxlasınlar. Bir növ idmançıların fiziki durumlarını yoxlamaq niyyətindəyik".
Federasiya rəsmisi hələ yarışın adını müəyyənləşdirmədiklərini əlavə edib: "Bu, Bakı və ya Federasiya Kuboku ola bilər. İyundakı yarışlar çox vacibdir. Çünki iyulun 1-dən beynəlxalq yarışlar bərpa olunur. Qarşıdakı ay ərzində mümkün qədər çox turnir keçirəcəyik ki, beynəlxalq yarışlara hazır olaq".
Mətbuat katibi mövsümün təqvimi ilə bağlı iyunun 1-də məşqçilər korpusu ilə toplantı keçirəcəklərini də diqqətə çatdırıb: "Mövsümün təqvimi alt-üst olub, yenidən işləməliyik".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.