"Mən qarışıq isveçliyəm. Anam xorvatiyalı katolik, atam isə bosniya və herseqovinalı müsəlmandır. Həyatımın böyük hissəsini İtaliyada keçirmişəm".
Teleqraf.com xəbər verir ki, bu fikirləri İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç dini inancları barədə "Corriere dello Sport"a müsahibəsində deyib.
İsveçli hücumçu Tanrıya və axirətə inanmadığını bildirib: "Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölüsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı, məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. "Uğurlar" sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm".
Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində "Milan"la yanaşı, Niderlandda "Ayaks", İtaliyada "Yuventus" və "İnter", İspaniyada "Barselona", Fransada PSJ və İngiltərədə "Mançester Yunayted" kimi komandaların da formasını geyinib.