Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığmasının daha iki üzvü körpücük üzərinə çıxıb. Qadınlarda 53 kq-da 4-cü yeri tutan Gülçin Əlizadədən sonra kişilərdə 62 kq çəki dərəcəsində Rüstəm İmanzadə və Məhəmməd Məmmədli güclərini sınayıblar.
Yeniyetmələr arasında Avropa çempionu, “Zirve İnternational Sport Clubs”-ın ilk dünya çempionatının qalibi, “Lənkəran-Zirvə” İdman Klubunun üzvü Rüstəm İmanzadə birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəldi. Sonra 122 kq sifariş verən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirdi. 3-cü yanaşmasında isə Rüstəmin 124 kq-a gəlməsi də maraqlı idi. Çünki 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi. Ancaq təəssüf ki, alınmadı. Amma buna baxmayaraq İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görüldü.
Təkanla qaldırma hərəkətində 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə, ikinci cəhdində 148 kq-a yaxınlaşdı. Ancaq yanaşması uğursuz oldu. Rüstəm növbəti yanaşmadan imtina edib. Buna baxmayaraq, o, bu hərəkətdə 6-cı, toplamda 5-ci yeri tutmağı bacardı.
Yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı, “İsmayıllı-Zirvə” İdman Klubunun üzvü Məhəmməd birdən qaldırma hərəkətində əvvəlcə 100, daha sonra isə 105 kq-ın öhdəsindən gəldi. Son yanaşmasında 110 kq-ı ram edə bilməyərək bu hərəkətdə 11-ci oldu.
Təkanla qaldırma hərəkətində Məhəmməd əvvəlcə 125, daha sonra 132 kq-ı başı üzərinə qaldırdı. Son cəhdində 135 kq-lıq ştanqa güc gələ bilməyən Məmmədli bu hərəkətdə 10-cu oldu.
Məhəmməd toplamda 237 kq-la (105+132) Avropa çempionatının 12-ci oldu.