Sentyabrın 18-də Bakıda keçirilən arena polo üzrə Avropa çempionatında üçüncü yer uğrunda oyun keçiriləcək.
Teleqraf.com xəbər verir ki, qarşılaşmada Azərbaycan və İsveçrə yığmaları fəxri kürsünün üçüncü yeri üçün mübarizə aparacaqlar.
Binə Atçılıq Mərkəzində keçiriləcək görüş saat 12:00-da başlayacaq.
Komandamızın heyətində Elçin Camallı, Andres Fernandez Lorente, Fabian Bolanterio, Aqustin Kronhaus, Əli Rzayev və Tərlan Qurbanəliyev yer alıb.
Azərbaycan Respublikası Atçılıq Federasiyası, Avropa Polo Federasiyası və Beynəlxalq Polo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan çempionatda Azərbaycan, İspaniya, İsveçrə və Avstriya polo komandaları iştirak edir.
Bu gün, həmçinin final qarşılaşması təşkil olunacaq. Həlledici matçda İspaniya və Avstriya komandaları Avropa çempionu titulu uğrunda yarışacaqlar. Bu görüş isə saat 13:30-da start götürəcək.
Yarışdan sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
Sentyabrın 16-da yarımfinalda İspaniya komandası poloçularımızdan 8:5 hesabı ilə üstün olub. Avstriya kollektivi isə İsveçrəni 7:5 hesabı ilə məğlub edib.
Dünən gərgin idman mübarizəsi şəraitində keçən yarımfinal matçında millimiz İsveçrəyə 5:1 hesabı ilə qalib gəlib. Avstriya seçməsi isə İspaniyanı 6:4 hesabı ilə məğlubiyyətə uğradıb.
Xatırladaq ki, 2015-ci ildəki ilk qitə çempionatına da Bakı ev sahibliyi edib. Həmin yarış Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb. Azərbaycan Respublikası Atçılıq Federasiyası 2013-cü ildən Beynəlxalq Polo Federasiyasının üzvüdür.