18 Oktyabr 2022 23:51
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi oktyabrın 17-də "Frans Futbol" nəşri tərəfindən ilin oyunçusuna verilən "Qızıl top" (Ballon d'Or) mükafatını "Real Madrid"in və Fransa milli komandasının 34 yaşlı Əlcəzair əsilli hücumçusu Kərim Benzema qazandı. O, "Blekpul"un keçmiş hücumçusu Stenli Metyuzdan (1956-cı il, 41 yaş) sonra bu mükafatı qazanan ən yaşlı ikinci futbolçu oldu.

Teleqraf.com-un məlumatına görə, Benzema hələ uşaq yaşlarından bəri bu mükafatın arzusu ilə yaşayırdı. Karyerasında bir çox çətinliklə üzləşsə də onun sahib olduğu xarakter, çalışqanlıq, qazanma istəyi və liderlik xüsusiyyətləri gec də olsa öz bəhrəsini verdi.

"Çox gənc yaşlarımdan bu yana dayanmadan çalışdım, Ronaldo komandadan ayrıldıqdan sonra anladım ki, əlimdən gələnin daha artığını etməliyəm. Ronaldo və Zidan mənim örnək götürdüyüm şəxslər idi. "Qızıl top"u çox arzulayırdım və nəhayət gerçək oldu. Çətin dövrlərdən keçsəm də heç vaxt təslim olmadım". "Ballon d'Or"u qazandıqdan sonra bu, onun ilk açıqlaması idi.

O həm də həmyerlisi Zinəddin Zidandan sonra "Qızıl top"u qazanan ikinci müsəlman futbolçu oldu.

Ramazan aylarında oruc tutan Benzema inancı və dini haqqında tez-tez açıqlamalar verir: "İnancım konsentrasiya olmaqda mənə kömək olur. O, mənim enerji mənbəyimdir".

Aprel ayında "Çelsi"yə qarşı oyundan 15 dəqiqə əvvəl iftarını açması və həmin oyunda xet-trik etməsi bir sıra müzakirələrə səbəb olmuşdu. Özü isə oyundan sonra oruc tutmağın ona heç bir mənfi təsiri olmadığını bildirmişdi: "Ramazan ayı mənim dinimin bir hissəsidir. Oruc tutmaq mənim üçün çox vacibdir və o zaman özümü çox yaxşı hiss edirəm".


2021-2022-ci il sezonu Benzema üçün çox fərqli və möhtəşəm keçdi: 46 oyuna 44 qol və 15 assistlə yadda qaldı. Xüsusilə "Çempionlar Liqası"ndakı oyunu və vurduğu qollar, komandasını bir lider, kapitan olaraq çiyinlərində daşıması ona bu fərdi mükafatı qazandırdı.

Bəs o buralara necə gəldi?

Benzema 19 dekabr 1987-ci ildə Fransanın Lion şəhərində dünyaya gəlib. Əslən əlcəzairlidir. Doğulduğu qəsəbədə cinayətkarlıq yüksək olduğu üçün ilk vaxtlarda bir sıra çətinliklərlə üzləşirdi.

8 yaşında "Bron" klubunda futbola başlayan Benzema qısa müddətdə "Olimpik Lion"un diqqətini çəkə bildi. Artıq 9 yaşı olanda "Olimpik Lion" klubunun əsas komandasında top daşıyan idi.

2004-2009-cu illərdə "Lion"da 148 oyuna 66 qol vuran Benzema bundan başqa 4 liqa çempionluğu, 1 Fransa kuboku və 4 Fransa süperkubokunu qazanmağı bacarmışdı.

2009-cu ildə 35 milyon avroya "Real Madrid"ə transfer olunanda ən bahalı fransız oyunçu hesab olunurdu. Madridə gəldiyi ilk vaxtlar onun üçün heç də asan olmadı: "Real Madrid" dünyanın ən güclü klublarından biri idi və yeni gələn oyunçular daima üzərilərində təyziq hiss edirdilər.

Lakin Benzema bütün bu təzyiqlərin öhdəsindən gəlməyi bacardı. Xüsusilə 2018-ci ildə Kristiano Ronaldo komandadan ayrıldıqdan sonra Kərim Benzema sanki ikinci gəncliyini yaşamağa başladı. O vaxta qədər portuqaliyalının "kölgəsində qalan" fransız hücumçu 2018-dən sonra bir sıra çətin qarşılaşmalarda liderlik xüsusiyyətlərini və bitiriciliyini nümayiş etdirdi.

"Real Madrid" forması ilə çıxdığı 615 qarşılaşmada 328 qol vurdu, 23 kubok qazandı. (5 "Çempionlar Liqası" kuboku, 4 "La Liqa" çempionluğu, 4 UEFA Superkuboku, 2 İspaniya kuboku, 4 İspaniya Superkuboku, 4 Klublararası Dünya Çempionluğu)

34 yaşlı hücumçu artıq adını klub tarixinə yazdırmağı bacarıb: 23 tiulla ən çox kubok qazanan ikinci (Marselodan sonra) oyunçudur. 328 qolla klub tarixinin ən yaxşı ikinci bombardiri hesab olunur. 132 məhsuldar ötürmə ilə isə bu nominasiyada bütün rəqiblərini qabaqlayır.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər