Braziliya yığmasının tərkibində ikiqat dünya çempionu 38 yaşlı hücumçu Ronaldo ABŞ-da futbolçu karyerasını bərpa edə bilər.
Trend xəbər verir ki, bu barədə TASS Braziliyanın”Estadao” saytına istinadən xəbər verib.
Gözlənildiyinə görə, Ronaldo həmtəsisçilərdən biri olduğu Amerikanın “Fort-Loderdeyl Straykere” klubunun tərkibində çıxış edəcək.
Sabiq forvard bildirib: “Mən komandanın formalaşdırılmasında, eləcə də klubun irəliyə getməsinə kömək edəcək aksiyalarda fəal iştirak edəcəyəm. Əminliklə deyə bilərəm ki, ABŞ-da futbol yüksəliş dövrünü yaşayır”.
Braziliya futbolunun əfsanəsi olan Ronaldo tarixdə ən yaxşı oyunçulardan biridir. İkiqat dünya çempionu, FİFA-nin versiyasına görə dünyanın ən yaxşı futbolçusu mükafatının üçqat sahibidir. "Kruzeyro", PSV, "Barselona", "İnter", "Real", "Milan", "Korintiansa" klublarında çıxış edib. Karyerasını 2011-ci ildə Braziliyanın Korintiansa" klubunda başa vurub. Braziliyada keçirilən 2014-cü il futbol üzrə dünya çempionatına hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü olub.