Bu gün Azərbaycan Kubokunda 1/2 final mərhələsinə start veriləcək.
Teleqraf.com xəbər verir ki, iki oyundan biri Bakıda, digəri isə Qəbələdə keçiriləcək. Cavab oyunları isə bir həftə sonra baş tutacaq.
Kimin əli ətəyindən uzun olacaq?
"Qəbələ" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edəcək. Hər iki komanda Premyer Liqada iddiasını demək olar ki, itirib və kubokdan Avropa Liqasına vəsiqə qazanmağa çalışır. Düzdü, “qəbələ2nin çempionatda medal qazanmaq şansı nəzəri də olsa qalır. Ancaq aydın görünür ki, Syominin yetirmələri çempionat dəftərini bağlayıblar. Həm Yuri Syomin, həm də Mustafa Dənizli üçün bu oyunlar son şans ola bilər. Məğlubiyyət komandanın mövsümü titulsuz və avrokuboklara vəsiqəsiz qoyacaq ki, bu da rəhbərliyin səbr kasasını daşıra bilər. Onsuz da hər iki komandanın uğursuz çıxışı azarkeşlərin və klub rəhbərliyinin narazılığına səbəb olub. Bir sözlə, yarımfinalda mübarizəni dayandırmaq 2 komandadan birini həm Əli aşından, həm də Vəli aşından edəcək. "Qəbələ" və "Xəzər Lənkəran" ilk dəfə 6 il əvvəl - 2007/08 mövsümündə kubokun yarımfinalında qarşılaşıb. Həmin vaxt "Xəzər Lənkəran" iki oyunun nəticəsinə görə (3:1, 1:1) "Qəbələ"ni mübarizədən kənarlaşdırıb və kuboka sahib çıxıb.
Komandalar indiyədək Premyer Liqada 22, Azərbaycan Kubokunda 2 oyun keçirib. 25 oyundan 13-də "Xəzər Lənkəran", 5-də "Qəbələ" gülən tərəf olub, 6 matçda qalib müəyyənləşməyib. Top fərqi - 35:21.
Qəbələ və Lənkəran klubları cari mövsümdə Premyer Liqada 4 dəfə üz-üzə gəlib. Bu oyunlarda "Xəzər Lənkəran" 2, "Qəbələ" 1 qələbə qazanıb, 1 matçda tərəflər hərəyə 1 xal qazanıb. Top fərqi - 4:4.
"Rəvan" nağılı bitəcək?
Finalın digər iştirakçısı "Neftçi" - "Rəvan" oyunlarından sonra müəyyənləşəcək. "Neftçi" Premyer Liqanın turnir cədvəlində ilk "üçlük"də qərarlaşıb və kuboku qazanmasa belə, böyük ehtimalla Avropa Liqasına vəsiqə əldə edəcək. "Rəvan" isə 9-cu pillədə qərarlaşıb və bütün iddialarını itirib.
Son üç mövsümün çempionu "Neftçi" bu il qızıl medallar uğrunda mübarizədən uzaq düşüb. Klub rəhbərliy, məşqçilər korpusu və futbolçular bütün ümidlərini kuboka bağlayıb. Bu səbəbdən Böyükağa Hacıyev və yetirmələri bütün diqqətini "Rəvan"la oyunlara yönəldib. Güvənc Kurtarın başçılıq etdiyi komandanın isə bu mərhələyədək irəliləməsi belə sürprizdi. 1/4 finalda gözlənilmədən "Bakı"nı mübarizədən kənarlaşdıran "Rəvan" finala çıxmaq iddiasındadı.
"Neftçi" və "Rəvan" indiyədək kubokda qarşılaşmasa da, Premyer Liqada 7 dəfə üz-üzə gəlib. Bu oyunlarda "Neftçi" 6, "Rəvan" isə 1 dəfə qalib gəlib. Tərəflər indiyədək heç-heçə oynamayıb. Top fərqində də "ağ-qaralar"ın üstünlüyü var - 9:3.
Komandalar cari mövsümdə çempionatda artıq 3 dəfə üz-üzə gəlib və bütün hallarda "Neftçi" meydanı qələbə ilə tərk edib - 2:0, 2:1, 1:0.
Azərbaycan Kuboku
2013/14 mövsümü
1/2 final (ilk oyunlar)
16 aprel
Qəbələ - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Qəbələ şəhər stadionu. Saat 16.00.
Neftçi - Rəvan
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena". Saat 19.00.