16 Yanvar 2015 14:25
2 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli və qalmaqalçı promouter Don Kinq növbəti dəfə səs-küylü açıqlama verib.

Publika.az xəbər verir ki, o, məşhur boksçu Mayk Taysonu rinqə qaytaracağını deyib. 48 yaşlı amerikalı idmançı 2005-ci ildən karyerasını başa vurub.

Onun rinqə qayıtması sabah Las-Veqasda keçiriləcək döyüşdən asılıdır. Belə ki, amerikalı Deontey Uaylderlə rinqə çıxacaq kanadalı Bermeyn Stivern WBC versiyası üzrə superağır çəkidə dünya çempionu titulunu qoruya bilsə, Don Kinq vədinə əməl edəcək:

“Bermeyn qalib gəlsə, Taysonu rinqə qaytaracam. Onların arasında döyüş təşkil edəcəm”.

Xatırladaq ki, əvvəllər “Dəmir Mayk”la işləyən məşhur promouter hazırda Stivernin maraqlarına xidmət edir.

Sabahkı döyüş bütün boks həvəskarlarının diqqət mərkəzində olacaq. Las-Veqasda son illərin ən maraqlı döyüşü gözlənilir.

Tayson peşəkar rinqdə 58 döyüş keçirib. 44-ü nokautla olmaqla, 50 qələbə qazanan “Dəmir Mayk” 6 dəfə məğlub olub. Onun iştirakıyla keçirilməli olan iki döyüş isə baş tutmayıb.

1987-ci ildə boks tarixinə ağır çəkidə ən gənc dünya çempionu kimi adını yazdıran “Dəmir Mayk” “Ginnesin rekordlar kitabı”na düşüb. İkinci “sertifikat”ı amerikalı boksçu erkən nokautların çoxluğuna görə alıb. O, dəfələrlə ilin boksçusu seçilib. Çəkisindən asılı olmayaraq, Tayson müasir boksun ən yaxşı nümayəndələrindən sayılır.

Onun həyat bioqrafiyasında maraqlı səhifələr var: zorlanma, adam döymə, narkotik qəbul etmə. Elə rinqdə də onun dəcəlliyinin şahidi olmuşuq. 1997-ci ildə baş tutan döyüşdə Evander Holifildin qulağını dişləməsi ilin əsas hadisələrindən olmuşdu.

Amma indi o, çox dəyişib. Müxtəlif televiziya və kino layihələrində iştirak edir. Onu dəyişən əsas hadisə isə müsəlmanlığı qəbul etməsi oldu. 20 ildən çoxdur İslam dininə sitayiş edən Mayk Malik Əbdüləziz adını götürüb.


Müəllif:

Oxşar xəbərlər