İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin hazırda sözügedən ölkədə təcrübədə olduğu bildirilib. Bir neçə gün öncə Madridə yollanan Abasov əvvəlcə burada "Real" və "Barselona" komandaları arasında baş tutan oyunu izləyib.
Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.
Hazırda İspaniyada təcrübə keçən Samir Abasov "Sumqayıt"ın "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununda texniki zonada yer almayacaq.
Qeyd edək ki, səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.