Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti kimi hazırda cüdo idman növünün vəziyyətini necə dəyərləndirirsiniz?
- Mən “Paris 2024” Yay Olimpiya Oyunlarında iştirakımızı tarixi qələbə adlandırıram. Bizim idmançılarımız çox gözəl çıxış etdilər. Cüdo tarixində ilk dəfədir ki, Olimpiya Oyunlarında 2 qızıl medal qazana bildik. Ən qürurverici hal odur ki, Fransanın paytaxtı Paris şəhərində 2 dəfə Azərbaycan himni səsləndirildi, Azərbaycan bayrağı 2 dəfə yüksəklərdə dalğalandı. Bütün zal ayaq üstə himnimizi dinlədi...
- Cüdoçu Hidayət Heydərov Parisdə 73 kiloqram çəki dərəcəsində fransalı Con Benjamin Qabanı finalda üstələməklə olimpiadanın qızıl medalını qazandı. Təəssüratlarınızı eşitmək istərdik...
- Hidayət Heydərov bu il idman karyerasında böyük uğurlara imza atdı. Avropa, Dünya, ardınca da Olimpiya Oyunlarında adını tarixə qızıl hərflərlə yazdırmağı bacardı. Hidayət hər üç yarışdan qızıl medal qazanaraq vətənə geri döndü. Dünya reytinqində birinci yerə yüksəldi. Dünyada çox az idmançı üç nüfuzlu yarışda eyni ildə çempion ola bilib. Onlardan biri də Hidayət Heydərovdur.
- Hidayət Heydərovun rəqibin fransız idmançısı olması da diqqətdən yayınmadı...
- Doğrudan da Hidayət Heydərovun fransız idmançını məğlub etməsi qürurverici idi. Himnimizin səsləndirilməsi, bayrağımızı qaldırması hər birimizə böyük şərəf verdi.
- Olimpiadada cüdo üzrə sonuncu dəfə eyni çəki dərəcəsində 16 il əvvəl qızıl medalı siz qazanmışdınız. Tarixin təkrarlanması sizə hansı hissi yaşatdı? Həmin ili necə xatırlayırsınız?
- 2008-ci ildə Olimpiya Oyunlarında qızıl medalı mən qazanmışdım. 16 il sonra vətənə cüdo üzrə qızıl medalı Hidayət Heydərov gətirdi. Eyni çəkidə qızılın təzələnməsinə xüsusilə sevindim. Sanki mənim medalımın qızılı təzələndi... Bu uğurda ölkə rəhbərliyinin idmana ayırdığı diqqət, Gənclər və İdman nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının texniki işçilərindən tutmuş rəhbərliyinə qədər, milli yığma komandanın baş məşqçisi başda olmaqla məşqçilər heyətinin, tibb heyətinin, hər kəsin rolu, zəhməti var. Təbii ki, o cümlədən, mən də öz tərəfimdən bu nəticənin əldə olunması üçün əlimdən gələni etmişəm.
- Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən digər idman növündə mübarizə aparan idmançılarımız üçün nə deyə bilərsiniz?
- Azərbaycan bayrağı altında çıxış edən hər bir idmançıya uğurlar arzu edirəm. Bizim üçrəngli bayrağımız bütün yarışlarda zirvələrdə dalğalansın. Mən də bir vətəndaş kimi sevinim və fərəhlənim.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.