"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşır və bu yarışların yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlarımızdan istifadə edəcəyik".
Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Al Saud ilə görüşdə deyib.
Görüşdə həmçinin iki ölkə arasında gənclər və idman sahələrindəki əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazirliyin fəaliyyəti haqqında qonağa məlumat verən A.Rəhimov rəhbərlik etdiyi qurum tərəfindən gənclərin layihələrinə qrantların ayrıldığını diqqətə çatdırıb.
Qonaq Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, ölkəmizdə yaradılan idman infrastrukturunun dünya standartlarına cavab verdiyini xatırladıb və 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı dünyanın diqqətinin məhz respublikamıza yönələcəyini vurğulayıb.
Sonra iki tərəfli münasibətlər istiqamətində fikir mübadiləsi aparılıb.