Azərbaycan üzgüçüləri Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə komanda hesabında birinci olub.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, üzgüçülüyün müxtəlif növlərində 27 qızıl, 15 gümüş və 6 bürünc medal qazanan idmançılarımız Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstan üzgüçülərini geridə qoyaraq komanda hesabında birinci olublar.
5 ölkədən 80-dən çox idmançının qatıldığı su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnir mayın 6-da yekunlaşıb.
Beynəlxalq turnirdə qalib gələn idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar güclərini sınayıblar. Azərbaycan komandası yarışlara 38 idmançı ilə qatılıb. Onların 12-si ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək. Turnirdə Gürcüstanın 20, Qazaxıstanın 10, Qırğızıstanın 10, Rusiyanın isə 4 üzgüçüsü medallar uğrunda mübarizə aparıb.