22 İyun 2015 21:45
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ardıcıl ikinci dəfə Avropa Liqasında oynayacaq "Qəbələ"nin I təsnifat mərhələsindəki rəqibi Gürcüstanın "Dinamo" klubudur.

Qol.Az-ın məlumatına görə, paytaxt Tiflisi təmsil edən komanda 1925-ci ildə yaradılıb.

Göy, ağ və qırmızı rənglərdən istifadə edən "Dinamo" ev oyunlarını 54 min 549 tamaşaçı tutumuna malik Boris Payçadze adına stadionda keçirir.

Gürcüstanın ən titullu klublarından olan "Dinamo" keçmiş SSRİ çempionatlarında da kifayət qədər medal qazanıb. 20 dəfə SSRİ birinciliyində mükafatçılar sırasına düşən komandanın ən böyük uğuru 1964 və 1978-ci illərə təsadüf edir. "Dinamo" həmin illərdə SSRİ çempionatlarını qızıl medalla başa vurub.
Müstəqillik illərdində 15 dəfə Gürcüstan çempionu olan ( 1990, 1991, 1991–92, 1992–93, 1993–94, 1994–95, 1995–96, 1996–97, 1997–98, 1998–99, 2002–03, 2004–05, 2007–08, 2012–13, 2013–14) "Qəbələ"nin rəqibi 12 dəfə ölkə kubokuna (1992, 1993, 1994, 1995, 1996, 1997, 2003, 2004, 2009 , 2013, 2014, 2015) və 6 dəfə superkuboka (1996, 1997, 1999, 2005, 2008, 2014) yiyələnib.

"Dinamo" Avropa arenasında da uğurlu çıxışı ilə diqqət çəkir. 90 yaşlı komanda ən böyük uğuruna 1981-ci ildə UEFA Kuboklar kubokunu qazanmaqla imza atıb. "Dinamo" 2004/2005 mövsümündə isə Avropa Liqasında "Soşo" (Fransa), "Nyukasl" (İngiltərə), "Sportinq" (Portuqaliya) və "Panionios"la (Yunanıstan) qrup mərhələsində çıxış edib. Lakin keçirdiyi bütün görüşlərdə uduzan "Dinamo" turnirlə xalsız vidalaşıb.

Gürcüstan təmsilçisinin bu dəfəki rəqibi Roman Qriqorçukun rəhbərlik etdiyi "Qəbələ" klubudur. Bu dueldən hansı klubun qalib ayrılacağını zaman göstərəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 2-də Gürcüstanda, cavab qarşılaşması isə bir həftə sonra Azərbaycanda keçiriləcək.


Müəllif: