Kimin üçünsə adi hesab edilən şeylər mənim üçün bəzən çox önəmli olur. Dünən reallaşmış tarixi Qəbələ səfəri də həmkarlarım üçün türklər demişkən, bəlkə də "sıradan yolçuluq" idi. Amma mən belə düşünmürəm...
Qəbələ səfərini yaxın dostum Pərviz Hikmət mənə məsləhət gördü. Yayın isti günləri mənim üçün çox darıxdırıcı keçdiyindən dəyişikliyə ehtiyac duyurdum. Bu, əla fürsətdi deyib "Qəbələ"nin "Dinamo" (Tbilisi) ilə cavab matçını işıqlandırmaq üçün qeydiyyatdan keçdim. Səfərləri, xüsusilə uzun məsafələri qət etməyi sevmədiyimdən qərarımda tərəddüd edirdim. Həm də xarakter cəhətdən həssaslığım mənə ciddi problem yaradacaqdı. Gündəlik rejimim dəyişəcəkdi, səfər zamanı yuxusuz qalacaqdım. Yollarda çox nadir hallarda yuxuya gedirəm. Yazını da elə qayıdarkən qələmə aldım. Halbuki mənimlə yoldaş olan xeyli sayda həmkarım şirin yuxudan dadırdılar.
Nə isə, başınızı çox ağrıtmadan keçim mətləbə. Gürcüstanda "Dinamo"ya məğlub olan "Qəbələ"yə cavab matçında ümid çox idi, nəinki eyni turnirdə mübarizə aparan "İnter" və "Neftçi"yə. Yəqin ki, nəticələrdən xəbərdarsız. "İnter" Albaniya "Laçi"sinə boyun əyməsə də, "Neftçi" həvəskar kluba bənzəyən Çernoqoriya "Mladost"unu keçə bilmədi. Deyəsən, mətləbdən yenə uzaqlaşdım...
İyulun 9-da günorta saatlarında başlayan yolçuluğumuz el arasında məşhur olan "peravallar"ı aşa-aşa keçdi. Ünsiyyətcil insan olmamağım mənə ciddi şəkildə problem yaradırdı. Arxa oturacaqda tək oturan gənc üçün səfər pis başlamışdı. Bəzən təklikdən bezib kimləsə ünsiyyət qurmağa çalışırdım, alınmırdı da. Nəhayət, dörd saatdan sonra Qəbələyə çatdıq. Oyun saatına qədər stadionun yaxınlığında yerləşən restoranların birində həm yemək yedik, həm də istirahət etdik. Oyun saatı çatanda həyəcanlanmağa başladım. "Nə həyəcan" deyə düşünürsüz yəqin. Bu həyəcan harasa ilk gedişimdisə, mütləq olur. Xüsusilə aşiqi olduğum futbolun oynanıldığı məkanlara...
Budur, hamı Qəbələ şəhər stadionuna axışmağa başlayır. Bakıdan fərqli olaraq, Qəbələdə stadiona xoş əhval-ruhiyə ilə daxil oluram. Çünki stadiona daxil olanda əsl Avroliqa ab-havası hiss olunurdu. Hər şey əla idi. Sadəcə, fanatlarda bir az susqunluq var idi. Onları diktor coşdurmağa çalışırdı.
Hər şey oyunun başlaması ilə tamam dəyişdi. Özü də necə! Hamı matça adaptasiya oldu. "Qəbələ"nin qarşılaşmaya hücumlarla başlaması fanatlarla yanaşı, biz jurnalistləri də coşdurdu. Amma gözlədiyimiz qol gəlmirdi. Hə, az qala unutmuşdum! Vacib şeyi xatırlatmadım. Səfərdə baş tutan ilk görüşdə "Qırmızı-qaralar" 2:1 hesabı ilə məğlub olduğundan cavab matçında 1:0 hesablı qələbə təmsilçimizə sərf edirdi. Bizə o bir qol da bəs idi. Həmin bir qol, hətta ikincisi də vuruldu. Amma həmin qola qədər nələr yaşanmadı ki...
İlk oyun zamanı və sonrası gürcüstanlı azarkeşlər Azərbaycanın ərazi bütövlüyünə və ən dəyərli dövlət rəmzlərindən olan üç rəngli bayrağına düşmənlərimizə - ermənilərə xas olan şəkildə hörmətsizlik etmişdilər. Amma onların hərəkəti cavabsız qalmadı...
Əsəblərimi cilovlayıb, yenə matça qayıdıram. Komandamız azarkeşlərindən geri qalmamaq üçün hər şey edirdi. Sayı-hesabı olmayan hücumların sonunda dəqiq zərbə çatışmırdı. Vaxt ötdükcə içimdə ümidsizlik yaranırdı. Ürəyimin döyüntüsü dayanmadan artırdı. "Qəbələ" hansı yolla olur-olsun qol vurmalı idi. Nə azarkeşlərimiz, nə biz media əhli, nə də komandamız belə futbol bayramının fonunda gürcülərin qarşısında “sınmalı” deyildik. Vaxt ötdükcə əsəblər tarıma çəkilir, futbolçular isə fiziki baxımdan yorulurdular. Hətta rəqibin azlıqda qalması belə futbolçularımıza psixoloji cəhətdən güc vermirdi. Bu zaman baş məşçi Roman Qriqorçuk Dodo, Asif Məmmədov və Arif Daşdəmirovu döyüşə atdı. Bəli, onlar əsl döyüşcü kimi meydana atıldılar. Məhz 87-ci dəqiqədə Arifin ötürməsindən sonra Asif başla fərqləndi. Bu zaman arenada yaşananları izləməyə dəyərdi. Sevincdən göydə uşaq kimi uçurduq. Bu anları orda yaşamaq bir başqa hiss idi. Bizə hava və su kimi lazım olan qol artıq vurulmuşdu. Komandamız sonrakı dəqiqələrdə daha rahat oynamağa başladı. Dördüncü hakim oyuna beş dəqiqə əlavə etdiyini göstərəndə bir az üzüldük. Vaxt keçmək bilmirdi. Əks hücumlardan birində futbolçularımız sayıq tərpəndilər. Oyunun ən yaxşılarından olan Cavid Hüseynovun zərbəsindən sonra dirəkdən qayıdan topu qarşılaşmanın ən zəiflərindən olan Aleksey Antonov tora qovuşdurdu. Bu dəfə stadionda bayram başladı. Artıq daha rahat sevinirdik. Matç bitənə qədər ikinci qolun dadını çıxardıq. Hakimin final fitindən sonra hər kəs stadionda səsləndirilən super mahnıların fonunda möhtəşəm zəfəri qeyd etməyə başladı. Sanki 4500 nəfər diskotekada idi. Bir sözlə, fantastik gecə idi! Bir-birilərini tanımayan insanlar qucaqlaşıb, möhtəşəm hisləri bölüşürdülər. Bu sevincdən hər kəs payını götürürdü. Stadionda olan hər kəsin, hətta mənim də səsim qışqırmaqdan batmışdı.
"Qəbələ" üçün tarixi gün idi. İyulun 3-də 10 yaşını qeyd edən klub tarixində ilk dəfə avrokuboklarda mərhələ adlamışdı. Bir qədər gec olsa da... Ənənəyə sadiq qalırıq - qalib mühakimə edilmir. Bayram sevinci bizim üçün daha sonra süfrə arxasında davam etdi. Bir sıra həmkarlarımız "Qəbələ"nin şərəfinə badələr qaldırdılar, sağlıqlar dedilər. Ən əsası, növbəti mərhələdə uğurlar arzuladılar.
Daha sonra avtobusa yollanıb Bakıya doğru üz tutduq. Amma qayıtmaq - eyni uğuru, sevinci bir daha yaşamaq şərti ilə...
Heybət Məmmədov
Publika.az